Məhkəmə qərarları › İş №2(074)-1039/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1039/2022

20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1039/2022 20.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı X5 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-198/2019 saylı qətnaməsi ilə kəsilmiş 110 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat sabit pul məbləğində aliment olmaqla cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 198/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi xx.xx.2019-cu ildə pozulmuş və birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X8 onun himayəsində qalmaqla, Cavabdeh 2 sentyabr 2019-cu il tarixindən başlayaraq xx.xx.2014cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qərar qəbul edilmişdir. Hal-hazırda uşağın saxlanması üçün kəsilmiş 110 manat sabit pul məbləğində aliment uşağın tələbatını ödəmək üçün kifayət etmir. O, işləmir. Lakin cavabdeh işləyir. Bundan əlavə, şəxsi təsərrüfatları var. Dolanacaqları çox yaxşıdır. Kəsilən alimentdən əlavə onlara heç bir maddi köməklik göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iclasdan əvvəl cavabdehin atası ilə alimentin miqdarı ilə bağlı razılığa gəlmişlər. Buna görə də məhkəmədən Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)-198/2019 saylı qətnaməsi ilə kəsilmiş 110 manat sabit pul məbləğində alimentin artırılaraq 150 manat sabit pul məbləğində aliment olmaqla cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 izahat verərək bildirdi ki, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 110 manat alimentin artırılaraq 150 manat edilməsinə etirazı yoxdur. Məhkəmə prosses iştiraklarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(074)-198/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü ildə Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbə icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 26 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 cavabdehin (anasının)- İddiaçı yanında qalması, iddiaçı Cavabdeh 02 sentyabr 2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınıb cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 327549 saylı nikahın pozulması haqqında şəhadətnamənn surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2020ci il tarixdə pozulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 05/Q-768/69 saylı Şamaxı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X8 xx.xx.2014-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, X3r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 110 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay uşağa görə 150 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(074)-198/2019 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar