Məhkəmə qərarları › İş №2(074)-1068/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1068/2024

15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1068/2024 15.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4770 manat pul borcunun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyat nömrəsi (VÖEN) ********** olan xx.xx.2021-ci il tarixli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, o, Azərbaycan Respublikası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınıb. Bu sənədin təsdiq olunmuş surətini məhkəməyə təqdim edəcək. Odur ki, qanuni əsaslarla məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. O, Cavabdeh 2023-cü ildə məişət əşyaları satıb və belə razılaşıblar ki, o, satdığı əşyaların pulunu hər ay hissə-hissə ödəyəcək. Lakin cavabdeh ondan nisyə aldığı əmlakların dəyərini tam olaraq ödəməyib və hazırda isə borcunu qaytarmaq istəmir. Belə ki, o, Cavabdeh 4 ədəd plazma televizor və 11 ədəd paltaryuyan maşın satıb. Onun cavabdehə satdığı əmlaklar: 10 yanvar 2023-cü il tarixdə alıcı Cavabdeh hər birisinin dəyəri 1500 manat olan iki ədəd plazma televizor satıb. Alıcı bunların birindən 1150 manat, digərindən isə 150 manat ödəyib, ancaq ayrı-ayrılıqda qalan 350 manat və 1350 manat borcunu ona ödəməyib. 15 aprel 2023-cü il tarixdə alıcı Cavabdeh dəyəri 700 manat olan bir ədəd paltaryuyan maşın satıb. Alıcı bundan 70 manat ödəyib, ancaq qalan 630 manat borcunu ödəməyib. 2023-cü ilin oktyabr ayında alıcı Cavabdeh dəyəri 1500 manat olan bir ədəd plazma televizor satıb. Alıcı bundan 280 manat ödəyib, ancaq qalan 1220 manat borcunu ödəməyib. 10 dekabr 2023-cü il tarixdə alıcı Cavabdeh dəyəri 1500 manat olan bir ədəd plazma televizor satıb. Alıcı bundan 280 manat ödəyib, ancaq qalan 1220 manat borcunu ödəməyib. Beləliklə, onun iş üzrə cavabdeh olan alıcı Cavabdeh satdığı əmlakların ümumi dəyəri 6700 manatdır. Cavabdeh isə 1930 manat borcunu ödəyib, amma qalan 4770 manat borcunu isə qaytarmaq istəmir. Ona görə də xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə birgə X2 sədrinin yanında olublar. Cavabdeh öz dəsti xətti ilə yazdı ki, İddiaçı 4770 manat pul verəcəyi vardır və xx.xx.2024-cü il tarixinədək bunun 1000 (min) manat məbləğini qaytaracaqdır. Həmin əlyazma Cavabdeh və Bələdiyyə sədri tərəfindən imzalanmış və Bələdiyyə tərəfindən möhürlənmişdir. Lakin cavabdeh götürdüyü öhdəliyə əhəmiyyət verməyib hissə-hissə ödəniş üzrə razılaşdırılmış tarixədək borcundan 1000 manatı ona qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı evinə məişət avadanlıqları alıb. Aldığı avadanlıqlardan 4770 manat borcu qalmışdır. Həmin borcu hissə-hissə ödəyəcək. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Qobustan rayon Təklə- Mirzəbaba kənd bələdiyyəsində tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh İddiaçı 4770 manat borcu olduğunu və xx.xx.2024-cü il tarixədək borcundan 1000 manat verəcəyini qeyd etmişdir. İş materiallarında olan (VÖEN) ********** olan xx.xx.2021-ci il tarixli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə məişət əşyaları satması və cavabdehin həmin əşyalara görə 4770 manat borcu olmasını cavabdeh məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu etiraf etdiyindən və bu qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 4770 manat məbləğində pul cavabdehrdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 67,7 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4770 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 67,7 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar