Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1079/2022 09.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin Şamaxı rayon filialına qarşı “kredit müqaviləsinə dəyişiklik edilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin Şamaxı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kapital Bank ASC-nin Şamaxı Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə RGTK4778728A173 nömrəli kredit müqaviləsi ilə ona verilmiş 6556,93 AZN məbləğində kreditin ödənişində yaranmış fasiləyə görə məsuliyyətin cavabdehin üzərinə qoyulması barədə və bu müqavilənin “Yekun Müddəalar” bölməsindəki 5.3-cü bəndini əsas tutaraq tərəflər arasında yeni saziş bağlanmasının və bu əsasda əsas və faiz borcu saxlanılmaqla kredit ödənişinin müddətini uzatmaqla onun tərəfindən cavabdehə hər ay 60 (altmış) manat məbləğində ödəniş etməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilməsi, cavabdehin bundan imtina etməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ondan cavab almamasına dair heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə bağlı 86 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat haqqında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 267-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-nin Şamaxı rayon filialına qarşı “kredit müqaviləsinə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1079/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1079/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver