Məhkəmə qərarları › İş №2(074)-108/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-108/2023

24.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-108/2023 24.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1162 manat nisyə satılmış malın dəyərinin və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, cəmi 1194 (bir min bir yüz doxsan dörd) manat məbləğində pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. Arif Sabirabad rayonu, Cavad kəndində çobanlıq edirmiş və o, Arifin xahişi ilə ara-bir Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən sonuncu üçün pal-paltar və xırdavat əşyalar gətirirmiş. Arif də onun gətirdiyi əşyaların pulunu hissə-hissə ona ödəyirdir. Sonuncu dəfə 2020-ci ilin fevral ayında yenidən Arif üçün mal gətirmiş və həmin vaxt sonuncunun 1162 manat borcu yaranmışdır. Sonradan pulunu tələb etmək üçün evinə getdikdə, Cavabdeh üstünə hücum edərək, borcunu verməyəcəyini bildirmişdir. Bu səbəbdən o, Sabirabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdikdə, Cavabdeh polis şöbəsində verdiyi izahatında ona borcu olmasını etiraf etmiş və Sabirabad Rayon Polis Şöbəsinin ona ünvanladığı məktubunda Cavabdeh qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin 16 yanvar 2023-cü il tarixli iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, mülki iş məhkəmə baxışına təyin edildikdən sonra, Cavabdeh borclu olduğu məbləğdən 500 manat hissəsini ona ödəmişdir. Bu səbəbdən, cavabdehdən ödənilməmiş qalan 662 manat pulun və tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı müraciəti əsasında Sabirabad Rayon Polis Şöbəsində toplanmış materialdan görünür ki, polis şöbəsində verdiyi izahatında Cavabdeh həqiqətən də, 2020-ci ildə İddiaçı 1162 manat dəyərində ərzaq məhsulları və geyim əşyaları aldığını, lakin maddi cəhətdən çətinliyi olduğundan, borcunu ödəyə bilmədiyini etiraf etmişdir. Araşdırmanın nəticəsi olaraq, İddiaçı pul tələbi ilə bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər arasında müəyyən əşyaların nisyə alqı-satqısı ilə bağlı 2020-ci ilin fevral ayında razılaşma baş tutmuş, İddiaçı şifahi razılaşmaya uyğun olaraq, əşyaları Cavabdeh vermiş, lakin sonuncu həmin əşyaların dəyəri olan 1162 manat pulu ağlabatan müddətdə iddiaçıya verməmişdir. Hazırda isə İddiaçı qeyd olunan məbləğdən 500 manatının Cavabdeh tərəfindən ödənildiyini əsas gətirərək, qalan 662 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 662 manat məbləğində pul və ödənilmiş 32 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 662 (altı yüz altmış iki) manat məbləğində pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar