Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1081/2025 28.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nisyə satılmış malların dəyərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 17996 (on yeddi min doqquz yüz doxsan altı) manat borcunun və ödədiyi 144 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sədərək Ticarət Mərkəzində nağd pula müxtəlif mallar alıb Şamaxı şəhərində satır. Cavabdeh X3 qonşuluqda yaşayır. 22 avqust 2022-ci ildə cavabdeh ona dedi ki, ondakı satlıq mallardan ona nisyə versin, o, həmin malları satıb öz mənfəətini götürəndən sonra ondan apardığı malların dəyərini ona versin. O, da razılaşıb. Aybəniz həmin tarixdən ondan ayrı-ayrı vaxtlarda müxtəlif elektrik malları və sair mallar nisyə götürüb hissə-hissə ona ödəniş edib. Aralarında nisyə verilən malların dəyəri və ona olan borcu barədə qeyd aparmışdır. Aybəniz də az-az da olsa satmağa apardığı mallardan satıb müəyyən qədər borcun qaytarmışdır. Lakin apardığı malların dəyərindən qat-qat az miqdarda borc qaytarmış, bəzən də heç bir neçə ay pul verməmişdir. Ona görə də 2022-ci ilin oktyabr ayından Aybənizə daha nisyə mal verməyib. Aybənizdən apardığı malların dəyərini ödəməsini tələb edib. Aybəniz hissə hissə pulu ödəyəcəyini bildirib. Hətta 31 dekabr 2023-cü ildə Aybəniz öz xətti ilə ona qəbz yazıb vermişdir ki, olan borcunu oğlu hərbi xidmətdən qayıdana kimi hər ay 100 manat ödəyəcək. Sonra kredit götürüb borcunu ödəyəcək. 2024-cü ilin iyul ayının 24-də Aybənizi dəvət edib birlikdə apardığı malları və dəyərinini üzləşdirib. Ona 18846 manat borcu qalması və hər ay ona 200 manat pul qaytaracağı barədə, sonra da bankdan kredit götürüb hər ay 500 manat ödəməklə yaxın vaxtlarda borcunu tamamilə bağlayacağını bildirib və bu barədə qəbz yazıb vermişdir. Lakin həmin vaxtdan bir ilə yaxın zaman keçməsinə baxmayaraq Aybəniz müxtəlif vaxtlarda cəmisi ona 850 manat pul qaytarmışdır. Hazırda Aybənizin ona 17996 (on yeddi min doqquz yüz doxsan altı) manat borcu vardır. Aybəniz bir neçə aydan bir az miqdarda pul qaytarır. Bu qayda ilə ona olan borclarını ödəmək üçün illər ötəcək. Buna bir ömür bəs etməz. Cavabdehə pretenziya göndərsə də nəticəsi olmayıb. Ona görə də o, cavabdehdən nisyə satılmış malların dəyərinin ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun məişət əşyaları satmaq üçün vergi orqanında qeydiyyatı var. O, aldığı malların üzərinə öz xərcini də qoyub Aybənizə satmışdır. Aybənizə mal satanda həmişə həmin əmlakın qiymətini əvvəldən bildirmişdir. Aybənizə malları məcburi satmamış, Aybəniz özü ona zəng edərək hansı əmlaklar istədiyini bildirmişdir. Aybəniz ondan aldığı malların pulunu əvvəllər qismən ödəsə də. son zamanlar ümumiyyətlə onun telefonlarına cavab vermir və ondan qaçır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı satmaq üçün məişət avadanlıqları alıb. Aldığı avadanlıqlardan 17996 manat borcu qalmışdır. İddia ərizəsinə əlavə edilən və ona təqdim edilən qəbzlər onun tərəfindən öz xətti ilə yazılmışdır. Ancaq o, ayda 200 manat ödəyəcəyi ilə bağlı qəbz yazmaq istəsədə iddiaçı onu məcbur etmişdir ki, ayda 500 manat ödəyəcəyi ilə bağlı qəbz yazsın. Yığılmış borcu bir dəfəyə qaytara bilmir, həmin borcu hissə-hissə ödəyəcək. İddiaçı ona hər hansı bir əmlak satanda əvvəldən qiymətin ona bildirmiş və üzərinə 60-70 manat pul qoyduğunu demişdir. Lakin iddiaçı həmin malları ona başqa mağazalardan baha qiymətə satmışdır. O, həmin əşyaları başqa başqa şəxslərə satmış, bəzi alıcılardan isə pullarını geri ala bilməmişdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçı avadanlıqları qızına başqa mağazalardan çox baha qiymətə satıb, həmçinin qızını borclandırmaq məqsədilə ödənişləri etməməyinə baxmayaraq yenə də əmlak satmağa davam etmişdir. Bu barədə isə nə qızı nə də Həqiqət qonşu olmalarına baxmayaraq ona heç bir söz deməmişdir. Qızı ayda 200 manat ödəyəcəyi ilə bağlı qəbz yazmaq istəyəndə iddiaçı onu məcbur etmişdir ki, ayda 500 manat ödəyəcəyi ilə bağlı qəbz yazsın. Bundan başqa əmlaklar hissə-hissə ödənilmək şərti ilə satıldığına görə hesab edir ki, yaranmış borcun bir dəfəyə tələb edilməsi düzgün deyildir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh tərəindən yazılmış qəbzdən görünür ki, hər ay 100 manat ödəniş edəcək, Həsən gələndən sonra ödənişləri artıracaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh imza edərək təsdiq etmişdir ki, o, H.Həqiqətdən mal götürüb satıb, halhazırda 18 846 manat borcu var. Hələki 200 manat hər ay verəcək, sonra kredit götürüb məbləği artıracaq. Yəni minimum 500 manat ödəniş edəcək. İş materiallarında olan məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı fəaliyyətini müvəqqəti dayandırmış VÖEN statusu ilə (VÖEN **********) “çadırlarda və bazarlarda sair malların pərakəndə satışı” əsas fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyəti göstərib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə nisyə əmlaklar satılmış və həmin əmlakların pulunu cavabdeh onlar arasında müəyyən etdikləri müddətdə ödəmədiyindən iddiaçının yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən satdığı əmlakların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 17996 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı əmlakların qiymətini əvvəlcədən bilmiş və həmin əmlakların qiyməti baha olduğu halda onları almamaq və ya qaytarmaq hüququ olduğu halda bunları etməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 144 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 17996 (on yeddi min doqquz yüz doxsan altı) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 144 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1081/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1081/2025
28.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver