Məhkəmə qərarları › İş №2(074)-1100/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1100/2024

28.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1100/2024 28.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ASC-yə məxsus 4169-7388-5650-0495 nömrəli kartın sahibindən pulunun alınıb ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehə dair məlumatlar göstərilməmiş, cavabdeh kimi Maraqlı şəxs ASC-yə məxsus 4169-7388-5650-0495 nömrəli kartın sahibi” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Qanunun mənasına görə işdə iştirak edən şəxslərin adları dedikdə, onları adı, ata adı və soyadının göstərilməsi nəzərdə tutulmuşdur ki, işdə iştirak edən şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-cı maddəsində də qeyd olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin “adı”, “soyadı” və “ata adı” göstərilməmişdir ki, bununla da iddiaçı iddia ərizəsinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə əməl etməmişdir. Bununla da cavabdehin kim olmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 15488, GPP qəbz nömrəsi **********) 30 manat rüsum İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 15488, GPP qəbz nömrəsi **********) 30 manat rüsum İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar