Məhkəmə qərarları › İş №2(074)-1102/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1102/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1102/2021 25.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan DəmirBank ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 222.97 manat əsas, 448.24 manat cərimə, 32.16 manat faiz borcu cəmi 703.37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1134AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksifi’ kredit kartı) əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən Cavabdeh kartdan istifadə qaydalarına düzgün əməl etməmişdir. 21.06.2021-ci il tarixə Cavabdeh müvafiq müqavilə üzrə cəmi borcu 703.37 (yeddi yüz üç manat 37 qəpik) manat təşkil edir. Bundan 222.97 (iki yüz iyirmi iki manat 97 qəpik) manat əsas, 448.24 (dörd yüz qırx səkkiz manat 24 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.16 (otuz iki manat 16 qəpik) manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən müştəri bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, kredit xətti üzrə ödənişləri gecikdirdikdə, o cümlədən hesablanmış faizləri, cəriməni, xidmət haqqı və komissiyaları vaxtında ödəmədikdə Bank yaranan borc məbləğini Banka qaytarılmasını təmin etmək hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********77 nömrəli 23.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasım təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmədən Cavabdeh 222.97 manat əsas, 448.24 manat cərimə, 32.16 manat faiz borcu cəmi 703.37 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi Aynur Mahmudova məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1134AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksifi’ kredit kartı) əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC tərəfindən Cavabdeh 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli maliyyə arayşından görünür ki, X1 15 iyul 2015-ci il tarxli 127616 saylı kredit müqaviləsi üzrə 21 iyun 2021-ci il tarixə müvafiq müqavilə üzrə cəmi borcu 703.37 manat təşkil edir. Bundan 222.97 manat əsas, 448.24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.16 manat faiz borcu təşkil edir. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1134AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksifi’ kredit kartı) əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh 222.97 manat əsas, 448.24 manat cərimə, 32.16 manat faiz borcu cəmi 703.37 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın 448,24 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 448,24 manat məbləğində cərimə pulu deyil, 20 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 222.97 manat əsas, 20,0 manat cərimə, 32.16 manat faiz borcu cəmi 275,13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "Dəmir Bank” ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 222.97 manat əsas, 20,0 manat cərimə, 32.16 manat faiz borcu cəmi 275,13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "Dəmir Bank” ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar