Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1109/2024 06.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 3173.15 manat əsas, 685.27 manat faiz, 680.07 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4538.49 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 65.39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi üçün 18 ay müddətinə illik 22 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə "xxxx" X1 Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3173.15 manat əsas, 685.27 manat faiz, 680.07 manat cərimə borcu olmaqla, cəmi 4538.49 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixə olan 3173.15 manat əsas, 220.35 manat faiz, 40.45 manat cərimə borcunu ödəməsi və kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 680.07 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsaəsn əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda iddianın faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan ona xx.xx.2023-cü il tarixli bildiriş göndərilməklə tərəflər arasında kredit müqaviləsi həmin tarixdən məhkəmədən kənar ləğv edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi 220.35 manat təşkil etmişdir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 680,07 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3173.15 manat əsas, 220.35 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 3453.50 manat məbləğində borc tutularaq "xxxx" ASC -yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 65.39 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3173.15 manat əsas, 220.35 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 3453.50 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65.39 manat pul alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1109/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1109/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver