Məhkəmə qərarları › İş №2(074)-1272/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1272/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1272/2025 14.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1450 manat məbləğində dəymiş zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 2025-ci il tarixdə, saat 23 radələrində Şamaxı-Göylər yolunun Şamaxı rayonu, Məlikçobanlı kəndinin kənar hissəsindən keçən avtomobil yolunda qanuni sahibliyində olan “Renault Megane” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, qəfil kəndin içərinsindən yolun hərəkət hissəsinə bir ağ rəngli iribuynuzlu heyvan çıxmışdır. Ondan çətinliklə də, olsa yan keçə bilmiş, lakin ardınca qara rəngli iribuynuzlu heyvan qəflətən yolun hərəkət hissəsinə çıxmışdır. Qara rəngli iribuynuzlu heyvan anidən qarşısına keçdiyi üçün, yolnəqliyyat hadisəsinin qarşısını almaq imkanı olmamış və həmin heyvanı vurmuşdur. Hadisə baş verən kimi dərhal DİN-nin “102” xidmətinin zəng mərkəzinə zəng edərək, məlumat vermişdir. Hadisə yerinə X1 əməkdaşları gəlmiş, hadisə yerinin, avtomobilin və heyvanın şəkillərini çəkmişlər, onunla bağlı sərxoşluq testi aparmış və müvafiq məlumatları qeyd etmişlər. Heyvan sahibini də, xeyli müddət sonra öz təşəbbüsü ilə müəyyən etmişdir. Kənddə bir neçə evə yaxınlaşaraq, heyvanlarla bağlı məlumat verəndən sonra, heyvan sahibi olan Cavabdeh kənd sakinləri tapmışdır. Heyvan sahibi Cavabdeh heyvanları nəzarətsiz qoymuş və nəticədə qəza hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilinə 1450 manat məbləğində zərər dəymişdir. Cavabdeh heyvanları gecə vaxtı nəzarətsiz qoyduğu üçün avtomobil yolunu keçmək istədiklərini və anidən hərəkətdə olan avtomobilinin qarşısına çıxdıqlarını və bunun da, nəticəsində baş vermiş hadisə ilə əlaqədar avtomobilinə dəymiş zərəri ödəməli olduğunu bildirmişdir. Lakin, cavabdeh dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı ona da 2000 manat ziyan dəydiyini bildirərək, iddia tələbini qəbul etmədi və rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görüünr ki, Cavabdehl Alov oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 28 iyun 2025-ci il tarilxi ******* saylı qaimə fakturadan görünür ki, Şamaxı Avto Təmir tərəfindən “Renault Megane” markalı avtomaşının təmirinə 1450 manat xərc hesablanmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi göndərərək, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı idarə etdiyi avtomobillə onun bir baş heyvanını vurub öldürmüşdür. İş materiallarından görünür ki, sözügedən hadisənin gecə saat 23 radələrində baş verməsi yazılmışdır. Bildirir ki, gecə qaranlığında mal-heyvan qaçmır və qəflətən yola tullanmır, mal-qaranın gecə vaxtı çox yavaş hərəkət etməsini hamı bilir. İribuynuzlu mal-qara, gecə vaxt ağacla döyəclənməsə sürətlə hərəkət etmir. Ona görə də, iddiaçının ərizəsində yazılan izahat yalandır. O, idarə etdiyi avtomobillə gecə vaxt çox yüksək sürətlə hərəkət etdiyindən avtomobili saxlaya bilməyib, onun heyvanını vurub öldürmüşdür. Lakin, gecə vaxtı İddiaçı avtomobili kənd yolunda yüksək sürətlə idarə etməsinə nə şahid, nə də bunu təsdiq edən radar sistemi olmadığından, o, qabaqdan gəlmişlik edərək, onu borclu çıxarmağa çalışmışdır. İddiaçı özü idarəetməni itirərək, maşını onun heyvanına çırparaq, heyvanını öldürüb ona maddi ziyan vurduğu halda, əksinə danışaraq, onun heyvanının onun maşınına çırpılmasını uydurmuşdur. İddiaçı gecə vaxtı maşını qanunla müəyyən edilmiş sürət həddində idarə etsəydi, avtomobili heyvana çırpıb onu öldürməzdi və nəticədə onun maşını da zərər görməzdi. Heyvanın nəzarətsiz qalması günahkar, təqsirkar olmağı demək deyil. Heyvanı haradasa dayanmış və ya asta hərəkət edən avtomobilə buynuzu ilə və yaxud sürtünməklə ziyanlıq vursaydı belə, heyvan sahibi kimi müəyyən mənada günahkar olardı. Lakin, iddiaçı özü yüksək sürətlə gecə vaxtı hərəkət edərək, heyvanını maşınla vurub öldürmüş və ona ciddi ziyan vurduğu halda, utanmadan öz təqsirini öldürdüyü heyvanın üstünə yıxmışdır. Elektron nüsxəsini etirazına daxil etdiyi imzalanmış və möhürlənmiş aktdan görünür ki, ona məxsus və diri çəkisi 200- 220 kq olan bir baş qara rəngli inəyi 25 iyun 2025-ci il tarixdə Şamaxı-Göylər yolunun Məlikçobanı kəndindən keçən hissəsində minik maşını tərəfindən vurulub öldürülmüşdür. Ölmüş inəyin baytarın müşayiəti ilə basdırılmışdır. Odur ki, tezliklə pul tələbi üzrə məhkəmədə iddia qaldıraraq, İddiaçı ona vurduğu maddi ziyanı tələb edəcəkdir. Amma o kimlərinsə öyrətməsi ilə elə bilir ki, günahkar olsa da, tez qabağa düşüb məhkəməyə müraciət edərsə, haqlı sayılacaqdır. Bu əsla belə deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, 24 iyul 2025-ci il tarixdə, saat 23 radələrində iddiaçı idarə etdiyi “Renault Megane” markalı **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə, Şamaxı-Göylər yolunun Şamaxı rayonu Məlikçobanlı kəndinin kənar hissəsindən hərəkətdə olarkən, Cavabdeh məxsus nəzarətsiz qalmış heyvan onun yoluna çıxmış və nəticədə, qəza hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtomobilinə 1450 manat məbləğində zərər dəymişdir. İddiaçı cavabdehə dəymiş zərəri ödəməli olduğunu bildirmişdir. Lakin, cavabdeh dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, dəymiş zərərin əvəzi olaraq 1450 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq 1450 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar