Məhkəmə qərarları › İş №2(074)-1295/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1295/2021

14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1295/2021 14.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şamaxı rayon məhkəməsinin 27 noyabr 2014-cü il tarixli 2(074)-1086/2014 saylı qətnaməsinə əsasən 25.07.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq 2021-ci il üçün yaşayış minimumuna uyğun olaraq 175 manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 25 iyul 2006-cı təvəllüdlü X2 dünyaya gəlmişdir. Şamaxı rayon Məhkəməsinin 05 fevral 2008ci il qətnaməsi ilə Cavabdeh hər ay 25 manat alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra Şamaxı rayon Məhkəməsinə müraciət edərək alimentin artırılmasını xahiş etmiş, Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə 27 noyabr 2014-cü il tarixdən başlayaraq 25 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh hər iki qətnaməyə əsasən alimentini ödəmiş və hal-hazırda da ödəməyə davam edir. Lakin alimentdən əlavə uşağın təhsil, təlim-tərbiyəsində iştirak etmir, əlavə xərclərini qarşılamaq üçün heç bir maddi köməklik göstərmir. Bununla da ata Cavabdeh övladına qarşı olan öhdəliyi bitir, övladının müalicəsi, digər ehtiyaclarının qarşılanması üçün bundan başqa heç bir öhdəlik yerinə yetirmir. 2014-cü ilin ərzaq, geyim və s. qiymətləri ilə bu ilin qiymətləri, tələbatları və s. böyük ölçüdə fərqlənir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, valideynləri ilə birgə yaşadığından onun ailəsinin dolanışığına həmişə valideynləri yardım etmişdir. Ödədiyi 103 manat aliment anası tərəfindən ödənilib. Zeynəbdən ayrıldıqdan sonra yenidən evlənib və hazırda iki uşağı var, onlarıda saxlayır. Onun artıq aliment ödəməyə imkanı yoxdur. İddiaçı bir uşaq üçün 175 manat tələb edir. İki uşağının dünyaya gəlməsi onun maddi imkanını daha da çətinləşdirib. Valideynlərinin köməyi ilə o, hər ay 120 manat aliment ödəməyə gücü çatır. Odur ki, alimentin artırılması tələbinin qismən 120 manat həddində artırılması hissəsində təmin olunmasını, qalan hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1086/2014 saylı, 27 noyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 05 fevral 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 27 noyabr 2014-cü il tarixdən başlayaraq, 25 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 824029 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25.07.2006-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 102238 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.12.2010-cı il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (103 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artıqılması barədə qətnamənin qəbul edilməsindən 7 ildən artıq müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay hər uşağa 130 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatakək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 2(074)-1086/2014 saylı, 27 noyabr 2014-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 25 iyul 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar