Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-130/2024 06.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı pulun qaytarılması və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən torpağın alınmasına sərf etdiyi 4800 ABŞ dolları (8160 manat) pulun, 6936 manat əldən çıxmış faydanın, keçirdiyi mənəvi sıxıntıya görə 5000 manat kompensasiyanın və ödədiyi 150 manat dövlət rüsumunun müştərək qaydada alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan “əldən çıxmış fayda” dedikdə, illik bank uçot dərəcəsinə uyğun olaraq, faiz məbləğini nəzərdə tutduğunu göstərmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə ona məlum olmuşdur ki, Çarhan kəndində torpaq sahələri satılır və o da, almaq istəmişdir. Çarhan kənd sakini Cavabdeh1 onlara müraciət edərək, torpaqlarını satmaq istədiyini bildirmişdir. Bir hektarını 1200 ABŞ dollarına (1000 manat) razılaşmışdırlar. Pulunu da, razılaşdırıb, dollarla vermişdirlər. 4500 ABŞ dolları pul verib, 3.7783 ha sahəni faktiki olaraq almışdır. Sənədlərin toplanması ilə də bağlı, 300 ABŞ dolları xərcləri çıxmışdır. Torpağın alınmasına görə, cəmi 4800 ABŞ dolları, yəni 8160 manat pul xərclənibdir. Bu günə kimi, pulu cavabdehlərdədir. Onun pulu bankda olsaydı İllik 5 faiz bank uçot dərəcəsi nəzərə alınmaqla, hər il 408 manat xeyir əldə edə bilərdi. 17 ildə o, 6936 manat xeyirdən məhrum olmuşdur. Əlavə olaraq iki ildir ki, məhkəmələrə gedib-gəlir, yollarda qalmışdır, mənəvi sıxıntı keçirmişdir. Buna görə də, cavabdehlərdən bu mənəvi sıxıntıya görə əlavə olaraq 5000 manat da, kompensasiya tələb edir. Hazırda cavabdehlər torpaq sahəsini onun adına rəsmiləşdirmək istəmirlər. Ona görə də, çəkdiyi xərcləri, əldən çıxmış faydanı və mənəvi sıxıntıya görə kompensasiyanı cavabdehlərdən tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi, onların ailəsinə məxsus Şamaxı rayonu Çarhan kəndində yerləşən torpaq sahəsi 2006-cı ildə İddiaçı 10 il müddətinə icarəyə verilmiş və buna görə də, ondan 4000 manat pul alınmışdır. Son 3 il istisna olmaqla, torpaq sahəsi iddiaçının isifadəsində olmuşdur. Bu səbəbdən, alınmış pulun qaytarılmasına etiraz edir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Cavabdeh1 onun qardaşıdır. Həqiqətən də, 2006-cı ildə onun iştirakı ilə, Şamaxı rayonunun Çarhan kəndində yerləşən torpaq sahəsi satılarkən, onun qardaşına hər hektara görə 1000 manat hesabı ilə, 1200 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən ödənilmiş və hər hansı bir torpaq sahəsinin icarəyə verilməsindən söhbət getməmişdir. Lakin, sonradan qardaşı Şahin və ailəsi notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdirlər və bildiyinə görə, hal-hazıradək torpaq sahəsinə görə ödənilmiş 4800 ABŞ dolları pul İddiaçı qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X4 və Cavabdeh6 birgə mülkiyyətində Şamaxı rayonu Çarhan kəndində yerləşən 3,7783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Şamaxı rayon Çarhan kənd icra nümayəndəsi, icra nümayəndəsinin müavini, həmin kəndin bələdiyyə sədri və bələdiyyə işçisinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus 3,77 ha torpaq sahəsinin dəyəri tam ödənilərək, alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli, 9/2214 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə cavabdehlər arasında olan torpaq məsələləri üzrə xx.xx.2006-cı il tarixdə iddiaçı tərəfindən ödənilən 4800 ABŞ dolları (yəni 4335,36 manat) pul vəsaitinə xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərələri nəzərə alınmaqla, hesablanan faiz məbləği 5,269,03 manat təşkil edir. Beləliklə, iş materialları ilə sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında əldə olunmuş razılığa əsasən, cavabdehlər özlərinə məxsus Şamaxı rayonunun Çarhan kəndində yerləşən 3,7783 ha torpaq sahəsini 2006-cı ildə iddiaçıya 4800 ABŞ dollarına faktiki olaraq satmışdırlar. Lakin, aralarında əldə olunmuş razılıq notarial qaydada alqısatqı müqaviləsi ilə rəsmiləşdirilməmiş, torpaq sahəsi cavabdehlərin sahibliyində və istifadəsində qalmış və hazırda iddiaçı torpaq sahəsinə görə ödənilmiş pulun qaytarılmasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh3 mübahisəli torpaq sahəsinin iddiaçıya 10 il müddətinə icarəyə verilməsini göstərsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehlərdə saxlanılan əmlakını geri tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, iddiaçı keçirdiyi mənəvi sıxıntıya görə cavabdehlərdən 5000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamış və ümumiyyətlə, iddiaçının mənəvi sarsıntı keçirməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şamaxı rayonunun Çarhan kəndində yerləşən 3,7783 ha torpaq sahəsinin alınmasına sərf edilmiş 4800 ABŞ dolları (ödəniş günü Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manata münasibətdə məzənnəsi nəzərə alınmaqla) məbləğində pul, illik bank uçot dərəcəsinə uyğun olaraq 5269,03 manat faiz məbləği və ödənilmiş 130,20 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin, cavabdehlərdən müştərək qaydada 100 manat ekspertiza xərci alınıb, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Şamaxı rayonunun Çarhan kəndində yerləşən 3,7783 ha torpaq sahəsinin alınmasına sərf edilmiş 4800 ABŞ dolları (ödəniş günü Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manata münasibətdə məzənnəsi nəzərə alınmaqla) məbləğində pul, illik bank uçot dərəcəsinə uyğun olaraq 5269,03 manat faiz məbləği və ödənilmiş 130,20 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızından müştərək qaydada 100 manat ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-130/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-130/2024
06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver