Məhkəmə qərarları › İş №2(074)-131/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-131/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-131/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.rn. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2013-cü il tarixli 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 saylı əlavəyə əsasən, Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Cavabdeh3 ilə 108.CL.020914.00001/c saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilmədiyindən, xx xxxxxx 2019- cü il tarixə onun banka 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə), cəmi 10102,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predrnetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyana bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Odur ki, iddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.rn. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, o, həqiqətən də iddiaçıdan 30000 manat məbləğində kredit götürmüş, lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verib bildirdi ki, o, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 zamin olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materilallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 20 faizlə 30000 manat məbləğində kredit almışdır. İş materilallarında olan xx.xx.2013-cü il tarixli 108.CL.03.xx.xx.00001/a saylı ipoteka müqaviləsi və həmin müqaviləyə xx.xx.2014-cü il tarixli 1 saylı əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.CL.020914.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 30000 manat məbləğində alınmış krediti və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə öhdəlik götürmüş və zamin olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestir kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19/3592 saylı ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinə tutmanın ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19/0581 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19/3358 saylı bildirişin surətindən görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə ipotekaqoyan Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli № 9485 saylı arayışının surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Həmin evdə Cavabdeh2 və Cavabdeh4 yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 05/213 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu vardır. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMCnin xx.xx.2020-ci il tarixli № 17 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 50000 manatdır. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 30000 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı üsulu kimi cavabdeh-ipotekaqoyan Cavabdeh1 məxsus fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 iddiaçı qarşısında olan öhdəliklərinin icrasına görə zamin olmuş və üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu qalmışdır. Yaranmış borcu ödəməsi cavabdehlərə təklif edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. Həmçinin iddiaçı hazırkı iddia üzrə 30 manat dövlət dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş arayışdan məlum olur ki, ipoteka predmeti olan evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 yaşayır. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini və açıq hərracda satılmasını tələb etsə də onun ilkin satış qiymətini qeyd etməmişdir. Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC ipoteka predmetinin bazar dəyərinin 50000 manat olduğunu müəyyən etmişdir. Məhkəmə, qeyd edilənləri və Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki hesabatla razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyərinə uyğun olaraq 50000 manat məbləğində müəyyən edilməsini ədalətli sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in)739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1.-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iddianın 1344,75 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 1344,75 manat cərimə borcu əvəzinə 20 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə də məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya iddia edilən miqdarda əsas və faiz borcunun yaranması, fərdi yaşayış evinin kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilməsi tam təsdiq olduğundan, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7405,12 manat əsas, 1352,84 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 8777,96 manat borc tutulmalı, tələb ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borc ödənilməli, satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulmalı, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılmalı və həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqları itirilməli, iddianın qalan hissəsi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 200 manat Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7405,12 manat əsas, 1352,84 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 8777,96 manat borc tutulsun. Tələb ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borc ödənilsin. Satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulsun. İpoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində ev boşaldılsın və həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqları itirilsin. Cavabdeh2 200 manat məbləğində ekspertiza xərci alınıb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllə, VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, kod 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X m/h Az37NABZ******************** hesaba köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar