Məhkəmə qərarları › İş №2(074)-138/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-138/2025

04.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-138/2025 04.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları: İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubunda qeyd olunur ki, “ünvan 1lan qeyri-yaşayış sahəsi mülkiyyətimdədir. Aramızda olan qarşılıqlı razılıq əsasında iki otaqlı həmin qeyri-yaşayış sahəsinin bir otağını Sizə istifadə üçün vermişdim, digər otağı da zəbt etmisiniz. Hazırda həmin qeyri-yaşayış sahəsinə özümün ehtiyacım var. Ona görə də, Sizdən xahiş edirəm, 10 gün müddətində mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini boşaldıb, mənə təhvil verəsiniz. Əks halda məhkəməyə müraciət edəcəm və məhkəməyə ödəyəcəyim dövlət rüsumu da, Sizdən tələb edəcəyəm”. İşdə olan İddiaçı müraciəti əsasında Şamaxı Rayon Polis Şöbəsində toplanmış materialın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, “İddiaçı əsassız olaraq məndən Şamaxı Rayon Polis Şöbəsinə şikayət etmişdir. Bildirirəm ki, xx.xx.2024-cü il tarixdə rəhbərlik etdiyim “Şəffaflıq” qəzetinin və “Sheffaflıq.az” saytının redaksiyasının yerləşdiyi Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanına İddiaçı gəlmiş və guya aylıq icarə haqqını vermədiyimizi bəhanə edib, narazılıq etmişdir. Mən 2016-cı ildən bu ünvandakı tikilini sahibi İddiaçı icarəyə götürüb, hər ay ona 100 manat pul göndərirəm. İddiaçı vergidən yayınmaq məqsədi ilə səkkiz ildən çoxdur ki, bizimlə rəsmi icarə müqaviləsi bağlamaqdan imtina etməkdədir. İddiaçı təmkinlə cavab verdim və söz mübahisəmiz etik normadan kənara çıxmadı və Vilayət çıxıb getmişdir. Yekunda bildirirəm ki, biz İddiaçı məxsus bu tikilini 2016-cı ildən onun razılığı ilə istifadə edirik”. İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun şəxsi mülkiyyətində olan Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hər iki otağından çıxarılması və ona təhvil verilməsi, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun şəxsi mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən seriya RX nömrə ******* çıxarışı vardır. Həmin qeyriyaşayış sahəsini hərrac vasitəsi ilə almışdır. Qeyri-yaşayış sahəsi iki otaqdan ibarətdir. Cavabdeh dostu X1 ilə yaxın münasibətdə olduğundan, Şahin onun razılığı ilə həmin qeyri-yaşayış sahəsinin bir otağını cavabdehə istifadə üçün vermişdir. Qeyri-yaşayış sahəsindən artıq 3-4 ildir ki, cavabdeh istifadə edir. İkinci otağı da, cavabdeh iki ildir ki, onun razılığı olmadan özbaşına zəbt edib istifadə edir. Hazırda həmin qeyri-yaşayış sahəsinə özünün ehtiyacı var. Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hər iki otağını boşaldıb, ona təhvil verməsini xahiş etsə də, cavabdeh onunla kobud davranıb, bildirmişdir ki, qeyri-yaşayış sahəsindən çıxmayacaqdır. Bu barədə Şamaxı Rayon Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də, müraciət etmişdir. 25 oktyabr 2024-cü il tarixdə Cavabdeh ünvanına qeyri-yaşayış sahəsini boşaltmaq barədə pretenziya göndərmiş, lakin bu günə kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaltmamışdır. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olubdur. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından göründüyü kimi, Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsi hazırki iş üzrə İddiaçı mülkiyyətindədir. İddiaçı həmin qeyri-yaşayış sahəsini aralarında olan şifahi razılaşmaya əsasən, Cavabdeh istifadəsinə vermişdir. Hazırda isə iddiaçı cavabehin ona məxsus qeyri-yaşayış sahəsindən çıxması tələbinə məhəl qoymadığını əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus daşınmaz əmlakda olması iddiaçının əmlak üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdehin sahibləndiyi iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə etməsi üçün qanuni əsas olmadığından, həmin sahə onun qanunsuz sahibliyindədir və bu səbəbdən, iddiaçının cavabdehdən qanunsuz sahibləndiyi qeyriyaşayış sahəsini geri tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m. qeyriyaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. Həmçinin, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Şamaxı şəhəri, Gənclər küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılsın. Həmin qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar