Məhkəmə qərarları › İş №2(074)-1387/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1387/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1387/2025 10.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə, 1595 manat əsas, 160 manat faiz və 200 manat cərimə borcu olmaqla, ümumilikdə 1955 manat məbləğində borcun və ödənilmiş 39,45 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən “Rahat Express” mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və məişət əşyalarının satışı ilə məşğul olur. 11.06. 2024-cü il tarixində Cavabdeh nisyə olaraq 1800 manat dəyərində Samsung markalı, DU7100 55 inch modelli Smart TV almışddır və buna görə aralarında həmin tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış nisyə alqısatqı müqaviləsinin 1.2-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1800 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 8.1-ci bəndinə əsasən alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında cərimə ödəməlidir. Cavabdeh öhdəliyini xx.xx.2024-cü il tarixdən icra etmir. Bu səbəbdən də, iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1004-2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh dəyəri 1800 (bir min səkkiz yüz) manat olan Samsung 55 dioqanal smart tv almışdır. İş materiallarından əlavə edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh qızının İlham xx.xx.2024-cü il tarixli, 1004-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi qismən icra etmiş, ümumilikdə 205 (iki yüz beş) manat ödəniş etməklə, 1595 (bir min beş yüz doxsan beş) manat əsas və 200 (iki yüz) manat cərimə borcu, ümumilikdə 1795 (bir min yeddi yüz doxsan beş) manat borcu yaranmışdır. İş materiallarından əlavə edilmiş arayışa əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixə 1595 (bir min beş yüz doxsan beş) manat əsas, 160 (bir yüz altmış) manat faiz və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 1955 (bir min doqquz yüz əlli beş) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 1955 (bir min doqquz yüz əlli beş) manat borcun 3 gün müddətində ödənilməsi, ödənilməyəcəyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1-********** nömrəli qəbzlə müəyyən olunur ki, İddiaçı tərəfindən 39 (otuz doqquz) manat 55 (əlli beş) qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Poçt xidməti vasitəsilə cavabdehin ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada çatdırılmışdır. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənini 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etsə də, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehin üzərinə düşən öhdəliyi lazımınca icra etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın faizin ödənilməsi hissəsini araşdırıraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə əyşanın dəyəri ilə bərabər əlavə faizlərin ödənilməsinə dair öhdəlik nəzərdə tutulmamışdır. xx.xx.2024-cü il tarixli, 1004-2024 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinin tələbinə əsasən, satılan əşyanın qiyməti 1800 (bir min səkkiz yüz) yüz manat təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinin tələbinə əsasən, satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəli üzrə də 12 (on iki) ay müddətində icra edilməli olan (12 ay x 150 manat) öhdəliyin ümumi məbləği 1800 (bir min səkkiz yüz) manat təşkil edir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, cərimənin ödənilməsi alıcını öhdəlikdən azad etmir. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutlan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməsi olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 (bir) % cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və digər icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 200 (iki yüz) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 95 (doxsan beş) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli, 1004-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 1595 (bir min beş yüz doxsan beş) manat əsas və 95 (doxsan beş) manat cərimə borcu olmaqla, cəmi 1690 (bir min altı yüz doxsan) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 35 (otuz beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 1004-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 1595 (bir min beş yüz doxsan beş) manat əsas və 95 (doxsan beş) manat cərimə borcu olmaqla, cəmi 1690 (bir min altı yüz doxsan) manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar