Məhkəmə qərarları › İş №2(074)-143/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-143/2024

19.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-143/2024 19.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq özündə saxladığı ona məxsus 800 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. 2019-cu ildə o, Şamaxı şəhərində olan evini təmir etdirməyi cavabdehlə razılaşdırmışdır. Evi təmir edən vaxt, hissə-hissə 2860 manat pulu cavabdehlə birlikdə işləyən fəhləsi X1 yanında vermişdir. Evin içərisinin təmiri başa çatandan sonra, onlar hesablaşmışlar və məlum olmuşdur ki, evin təmir pulundan əlavə cavabdehə 460 manat artıq pul ödəmişdir. Bundan sonra onlar razılaşmışlar ki, həmin pulun müqabilində qalan işləri gəlib görəcəkdir. Qalan işlər isə sanitar qovşağının sökülüb tikilməsi, 12m x 2 m. ölçüdə hasar və quruluğun yanında 16m x 1 m ölçüdə hasar çəkilməli idi. Havalar soyuduğundan cavabdeh demişdir ki, bunu yaz gələn kimi aprel ayında həll edər. xx.xx.2019-cu il tarixdə, o, yas mərasimində olan zaman, Bəşir ona demişdir ki, təcili olaraq 350 manat pul lazımdır. Həmin vaxt onun qardaşı Əvəz də yanlarında olmuşdur. Həmin vaxt o, 350 manat pulu qardaşı Əvəzin yanında Bəşirə vermişdir. Yaz gəlmiş, amma Bəşir verdiyi vədə əməl etməmişdir. Bir tərəfdən də koronavirus xəstəliyi ortalığa düşmüş, bu işlər görülməmiş, pul da, ona qaytarılmamışdır. Dəfələrlə pulunu geri istəmiş, hər dəfə ona yaxında qaytaracağını deyib, bu işi bu vaxta kimi uzatmışdır. 2023-cü ilin fevral ayında atasının ölümünün ildönümündə o, həmkəndlisi X2 ilə birlikdə cavabdehin həyətində olarkən, pulunun qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdeh sabah verəcəyini desə də, indiyə kimi pulunu ala bilmir. Bundan sonra, məcbur olub polisə şikayət vermişdir. Buna baxmayaraq, bir nəticə əldə olunmadığından, hazırda məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, əsassız olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X4 təhqiqatçısı X3 Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şamaxı rayonunun Quşçu kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edərək, evinin təmir olunması üçün Cavabdeh adlı şəxsə 800 manat pul verməsini, lakin sonuncunun vədinə əməl etməməsini göstərmişdir. Araşdırma zamanı, Cavabdeh Şamaxı rayonu, Quşçu kəndində yaşayan İddiaçı aldadaraq, 800 manat pulunu əvəzsız və qanunsuz olaraq ələ keçirməsi müəyyən olunmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı evinin təmiri məqsədi ilə verdiyi pulun müqabilində, cavabdeh tərəfindən 800 manat dəyərində işlərin görülmədiyini və pulunun qaytarılmadığını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən 800 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 800 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar