Məhkəmə qərarları › İş №2(074)-1453/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1453/2025

15.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1453/2025 15.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 1200 manat məbləğində pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2023-cü ilin iyul ayında işə gedərkən, taksi sürücüsü kimi tanımışdır. Həmin şəxs özünü çox mədəni və tərbiyəli bir insan kimi tanıtmış, buna görə də, hər səhər işə gedib-gəlmək üçün taksi sifariş vermək çətin olduğundan, onu aparıb- gətirməsini xahiş etmişdir. Müəyyən müddətdən sonra, onun yanında öz qohumu ilə telefon əlaqəsi saxlayanda, danışıqlarına şahid olmuş və ona “bacı bir çətinliyiniz varsa deyin bəlkə bir köməklik edə bilərəm” demişdir. Həmin müddətdə bir şirkətlə mübahisəli bir işi var idi və buna görə də, çox əsəbi vəziyyətdə olduğundan, Cavabdeh bir az çətinliyi olduğunu bildirdikdə, sonuncu birlikdə işləmək üçün bir az pul tapmağını və həmin pulla maşının alqı-satqısı məşğul olub, 1000- 2000 manat məbləğində gəlir əldə edə biləcəklərini qeyd etmişdir. Bu təklif ona çox uyğun və əlverişli olduğu üçün razılaşmışdır. Şöhrətə hissə-hissə olmaqla, cəmi 8200 (səkkiz min iki yüz) manat məbləğində pul vermişdir. Təxminin 1-2 ay keçdikdən sonra, cavabdehlə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt Şöhrət onu tanımadığını, hətta ona şər-böhtan atdığını qeyd etmişdir. Bir müddət sonra isə, ümumiyyətlə əlaqə saxlamaq qeyri-mümkün olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi - Vəkil məhkəməyə ünvanladığı müraciətində, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2023-cü ilin iyun ayında tanışı Cavabdeh ondan ümumilikdə 8200 manat pul alaraq, ələ keçirdiyini bildirmişdir. Aparılmış araşdırma nəticəsində, verilmiş pulun qaytarılmaması ilə bağlı tərəflər arasında yaranmış mübahisə cinayət əlamətləri olmayan, mülki xarakterli mübahisə kimi qiymətləndirilmiş və bu səbəbdən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı X2 8200 manat pul alıb, birgə iş qurmalarını vəd etsə də, bunu yerinə yetirməmiş və eyni zamanda, aldığı pulu qaytarmamışdır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, iddiaçının cavabdehə 8200 manat pul verməsi və cavabdehin həmin pulu qaytarmaması məhkəmə iclasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərərin dəyməsi barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq cavabdehdə olan pulunu tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8200 manat məbləğində pul alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdılr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8200 manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar