Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1517/2025 27.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 avqust 2015-ci il tarixli aktla Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən cavabdehə məxsus və üzərində üzüm bağı olan 0,70 ha torpaq sahəsini ona məxsus 0,70 ha torpaq sahəsi ilə həmişəlik olaraq dəyişmişlər. Əlavə olaraq cavabdeh üzüm bağına görə ondan 1500 manat nağd pul aldı. Bu barədə aralarında akt tərtib olunub və həmin akt icra nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. 3-4 ay sonra cavabdeh ondan 400 manat alaraq ona verdiyi 0,70 ha torpaq sahəsini iddiaçıya qaytardı. Həmin vaxtdan bağa xeyli xərc qoymuşdur. Dirəklərini dəyişmişdir. Qırılmış məftilləri bərpa etmişdir. Son iki ildə cavabdeh özünə məxsus keçiləri üzüm bağına salaraq, üzümlüyü məhv edir. İrad tutanda da, ona deyir ki, bağ onundur. Dəyişmə müqaviləsi bağalasar da, o həmin torpağı öz adına qeydiyyata aldırmamışdır. Bu səbəbdən cavabdeh deyir ki, torpaq onundur. Cavabdehə torpaq sənindirsə ödənilmiş 1900 manat pulun geri qaytarılmasını tələb etdikdə, torpağı icarə verdiyini bildirirmşdir. Pulu geri qaytarmaq istəmir. Məhkəmə iclasında iştirak edək iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq, bildirdilər ki, torpaq sahələrini qarşılıqlı olaraq icarəyə vermişlər və cavabdehin iddiaçıya borcu yoxdur. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 avqust 2015-ci il tarixli aktın surətindən görünür ki, iddiaçı ilə cavabdeh öz aralarında 0.70 ha torpaq sahələrini həmişəlik olaraq dəyişmişlər. Bu dəyişmə prosesində İddiaçı Cavabdeh əlavə olaraq 1500 manat pul ödəmişdir. Həmin akt Şamaxı rayon İHB-nın Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərətindən imza-möhürlə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə 3.41 ha kənd təsərrüfatı məsullarının istehsalı təyinatlı torpaq sahəsi Şamaxı rayonu, Məlikçobanlı kənd sakini X1, Cavabdeh və qeyrilərinin mülkiyyətinə verilmişdir. İş materiallarından əlavə edilmiş xx.xx.2025-ci il tarixli Pretenziya mətubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 1900 manat pulun 10 gün müddətində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədlər və tərəflərin izahatlarına əsasən belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında dəyişdirmə münasibətləri formalaşmışdır. Məhz bu səbəbdən də, hazırki mübahisəyə mülki qanunvericiliyinin dəyişdirmə müqaviləsinə dair normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 662.1-ci maddəsinə görə, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən, dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 663-cü maddəsinə əsasən, əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. Həmin Məcəllənin 665-ci maddəsinə əsasən, əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı özlərinə məxsus torpaq sahələrini dəyişdirdikləri və torpaq sahələrini təhvil verilməsi ilə bağlı öhdəliklərini icra etdikləri andan torpağa dair mülkiyyət hüququ faktiki olaraq tərəflərə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qanunvericiliyin bu tələbindən başa düşülən odur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məhz mülkiyyət hüququnun keçirilməsi faktı baş verdiyi andan aparılır və mülkiyyət hüququnun keçirilməsi faktı tərəflərin əmlakın özünün vermə və ya qəbul etmə vəzifəsini icra etməsi ilə müəyyən edilir. Hazırki iş üzrə tərəflər yuxarıda qeyd olan aktın icrası qaydasında torpaq sahələrini bir-birilərinə verməklə, eləcə də qəbul etməklə, mülkiyyət hüququnun keçməsi faktını yaratmış olurlar. Üstəlik qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında hüquqi mövqe olaraq qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir”. Məhkəmə, göstərilən Qərarda qeyd edilən hüquq mövqeyə uyğun olaraq hesab edir ki, hazırki iş üzrə dəyişdirmə müqaviləsinin forma və ya məzmun tələbinə riayyət edilməməsi dəyişdirmə müqaviləsinin hüquqi qüvvəsinin olmaması, tərəflər arasında dəyişdirmə münasibətlərinin formalaşmamasını güman etməyə əsas vermir. Tərəflərin əsil hüquqi maraqlalarının və iradə ifadələrinin məhz dəyişdirmə olması və bununla da, torpaq sahələrini bir-birilərinin mülkiyyətinə verməsi iş üzrə araşdırılmış işin faktiki halları və iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur. Belə olan halda qeyd edilməlidir ki, Cavabdeh dəyişdirmə əsasında iddiaçıdan almış olduğu torpaq sahəsini qısa müddət sonra 400 manat müqabilində iddiaçıya verməsi, digər torpaq sahəsinin isə dəyişdirmə müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıda qalması tərəflər arasında yeni əvəzli müqavilənin təsdiqlənməsinə, alqı-satqı münasibətlərinin formalaşmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 567.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hal-hazırda iddiaçının adına olan torpaq sahəsinin öz istifadəsində olması tərəflərin həmin alqı-satqı razılaşması əsasında üzərilərinə götürmüş olduqları öhdəliklərin icra edilməsini göstərir. 10 ildən çox müddətdə tərəflər arasında münasibət heç bir etiraz olmadan bu qaydada davam etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsini satın almaq üçün ödəmiş olduğu 400 manat pul vəsaitinin 10 ildən çox müddət keçdikdən sonra geri ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Eyni zamanda, işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh öz adına olan torpaq sahəsini öz istifadəsinə geri qaytarmışdır. İddiaçı isə həmin torpaq sahəsinin cavabdehə geri qaytarılmasını təsdiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin öz adına olan və dəyişdirmə müqaviləsi əsasında iddiaçıya vermiş olduğu torpaq sahəsini geri götürməsi həmin müqavilədən birtərəfli qaydada imtina etməsi kimi qiymətləndirilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən, dəyişdirmə müqaviləsi ləğv edilmilş hesab edilməlidir.. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında hüquqi mövqe olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İstinad olunan maddi hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma ləğv edildiyindən və torpaq sahəsi iddiaçıdan geri alındığından həmin torpaq sahəsi üçün ödənilmiş vəsait də, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, Cavabdeh iddiaçıdan 1500 manat məbləğində pul vəsaitini almasına əsas kimi tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli akt çıxış etsə də, sonradan həmin akt tərəflərin qarşılıqlı razılaşması (torpaq sahəsinin geri alınmasına dair qarşılıqlı davranışları) əsasən ləğv edildiyindən həmin əsas aradan qalxmışdır. Odur ki, Cavabdeh iddiaçının hesabına əmlak (pul) əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından torpaq sahəsi üçün pul vəsaitinin cavabdehə verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə 1500 manat məbləğində pulun verilməsi, İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli “Akt”la müəyyən olunur. Lakin, cavabdeh tərəfindən həmin vəsaitin iddiaçıya qaytarılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh və onun nümayəndəsi iddiaya etirazlarının əsası kimi tərəflər arasında dəyişdirmə münasibətlərinin deyil, icarə münasibətlərinin formalaşmasını, icarə müddətinin 10 il olmasını və məhz bu səbəbdən də, torpağı geri qaytarıldığını göstərsələr də, həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən torpaq sahəsi üçün ödənilmiş 1500 manat vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 31 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 31 manat pul alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1517/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1517/2025
27.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver