Məhkəmə qərarları › İş №2(074)-1579/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1579/2024

26.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1579/2024 26.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 manat borc məbləğinin, 100 manat iddia ərizəsinin hazırlanmasına görə xərcin, 655 manat maddi və mənəvi zərərin əvəzinin və 45 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında olan münasibətdən istifadə edərək, 2024-cü ilin xatırlamadığı aylarında iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısına görə ondan 1700 manat nağd şəkildə pul istəmiş və o, pulun həmin günü qaytaracağına inanaraq, ona pul vermişdir. Ona söz vermişdir ki, heyvanları satan kimi, həmin günü ona verdiyi 1700 manat pulu alıcıdan alıb, qaytaracaqdır. Lakin, həmin gün pulun qaytarılması onun tərəfindən təmin olunmamış və qeyd etmişdir ki, ona kartını göndər, kartına ödənişi edəcəkdir. Həmin vaxtdan nə telefonuna cavab verir, nə də pulun ödənilməsini təmin edir. Telefona zənglərinə cavab verəndə də, “verəcək” deməklə borcunu ödəməkdən yayınır. Hazırda isə ona olan borcunun 1700 manat olmasını özü də təsdiq etsə də, ödəmir. Cavabdehə mütəmadi olaraq müraciət edərək, pulunu geri tələb edir. Lakin, cavabdeh bu günə qədər ona olan borcunu geri qaytarmamışdır. Buna görə də, cavabdehin ona vurduğu ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçıdan borc olaraq 1700 manat pul almış, lakin maddi vəziyyətinə görə borcunu qaytara bilməmişdir. Həmin məbləği qaytaracağına söz verir. Lakin, iddianın qalan hissəsini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərinn izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh borc olaraq İddiaçı 2024-cü ilin əvvəllərində 1700 manat məbləğində borc almışdır. Lakin, qısa müddətdə qaytaracağına söz versə də, hal-hazıradək borcunu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Hazırda iddiaçı cavabdehə 1700 manat borc olaraq pul verdiyini göstərmiş, cavabdeh də, həmin məbləğdə pulu aldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh pul vəsaitini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı 100 manat iddia ərizəsinin hazırlanmasına görə xərc və 655 manat maddi və mənəvi zərərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bu hallar məhkəmə iclasında da, müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1700 manat pul və ödənilən 37 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat pul və ödənilən 37 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar