Məhkəmə qərarları › İş №2(074)-1591/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1591/2024

24.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1591/2024 24.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız saxlanmış 2000 manat pul vəsaitinin və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Qaravəlli kəndində yaşayır. Cavabdeh da, Qaravəlli kəndində yaşayır. Hər ikisi fərdi əmək fəaliyyəti ilə məşğuldur. O suvaq, alçıban, beton, kərpic hörgüsü və sair işləri görür, cavabdeh isə elektrik və santexnik işləri görür. 2023-cü ilin sentyabr ayından Cavabdeh ilə birlikdə işləmişdir. Allahverdi iş sahibi ilə danışıb, görüləsi işi dəqiqləşdirir, qiyməti danışırdı. Birlikdə gördükləri işin pulunu Allahverdi iş sahibindəq alır və sonra onun gördüyü işin dəyərini Allahverdi ona verirdi. Ona çatası pulu həmişə Allahverdi iş sahibindən alıb ona vermişdir. 2023-cü ilin noyabr ayında Allahverdi Şamaxı şəhər sakini Əlheydər adlı şəxslə danışıb razılaşaraq, onun evində suvaq işləri, kərpic hörgü işləri, betonlama, elektrik və santexnik işləri görməli olduqlarını demişdir. Həmin şəxsin evində Allahverdi ilə birlikdə 3 aya yaxın işləmişlər, birlikdə hər kəs öz üzərinə düşən işi görmüşdür. Bütün görülən işlərə görə, pulu Allahverdi almışdır. Onun Əlheydərin evində gördüyü işin dəyəri 3440 manat təşkil etmiş, lakin, Allahverdi ona 1440 manat pul vermişdir. Qalan 2000 manat pulu isə hal-hazıradək ona verməmişdir. Əvvəllər deyirdi ki, bu gün-sabah verəcək, lakin sonra dedi ki, guya iş sahibi pulun qalanını verməyibdir. Onlara iş gördürən Əlheydərlə üzləşəndə, sonuncu Allahverdiyə dedi ki, görülən işin hamısının dəyərini Allahverdiyə veribdir. Bundan sonra, Allahverdi ona çatası 2000 manat pulu verməyəcəyini bildirmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Əsəd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək bildirdi ki, İddiaçı Əsəd oğlu gördüyü işin müqabilində tam olaraq zəhmət haqqısını vaxtında almış və onun iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsində toplanmış materialın təsdiq edilmiş surətindən görünür ki, polis şöbəsində verdiyi izahatında X1 göstərmişdir ki, “2023-cü ilin noyabr ayında İddiaçı və Cavabdeh adlı şəxs onun evində usta kimi işləmişdirlər. O, işi Cavabdeh ilə danışmışdır. Gördükləri işlərə görə, pulu Cavabdeh vermiş və həmin şəxsə demişdir ki, İddiaçı da pulunu versin. Lakin, o, verdiyi pulu onların necə bölmələrindən xəbəri olmamış və bildiyinə görə, Məhəmməd ilə Allahverdinin arasında heç bir narazılıq olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər 2023cü ilin sentyabr ayından birlikdə usta kimi fəaliyyət göstərərək, aldıqları sifariş əsasında suvaq, alçıban, beton, kərpic hörgüsü, elektrik və santexnik işləri görürmüşlər. 2023-cü ilin noyabr ayında Şamaxı şəhər sakini Əliheydər adlı şəxsin sifarişinə əsasən, onun evində təmir işlərini İddiaçı və Cavabdeh görmüşdürlər. Danışıqlarına əsasən, görülən işlərə görə evin sahibi Əliheydər pulu bütövlükdə Cavabdeh vermiş və sonuncu razılaşdırılmış məbləği İddiaçı vermişdir. Həmin vaxt iddia ilə cavabdehin arasında heç bir narazılıq olmamışdır. Hazırda isə İddiaçı gördüyü işin müqabilində 2000 manat pulun Cavabdeh tərəfindən ona verilmədiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı gördüyü işə görə ona 3440 manat verilməli olduğunu, cavabdehin 1440 manatın ona verdiyini, qalan 2000 manatının isə vermədiyini göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 2000 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar