Məhkəmə qərarları › İş №2(074)-16/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-16/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-16/2021 01.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi üzrə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 23 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 500,27 manat məbləğində kredit restruktirizasiya olunmuş, bununla da kreditin ümumi məbləği 14291,44 manat təşkil etmişdir. xx.xx.2016-cı il tarixdə əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 708,96 manat məbləğində kredit restruktirizasiya olunmuş və 85,38 manat məbləğində kapitallaşdırılməş faizlər kreditin qalıq məbləğinə əlavə edilmiş, bununla da kreditin ümumi məbləği 13452,09 manat təşkil etmişdir. Beləliklə, kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək banka əsas məbləğ üzrə borc 20085,38 manat müəyyən olunmuşdur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi üzrə 10635,83 manat əsas, 1541,30 manat faiz və 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi üzrə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, həqiqətən də o, bankdan kredit götürmüş, lakin maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Lakin qeyd olunan borcu ödəyəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, Cavabdeh1 onun qonşusudur. O, Cavabdeh1 iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə zamin olmuş və öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001/b saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 20000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 20000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, kreditor tərəfindən borcalana 500,27 manat məbləğində əlavə kredit ayrılmışdır. Bununla da kreditin ümumi məbləği 14291,44 manat təşkil etmişdir. İş materiallarında olan 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə razılıqdan görünür ki, kreditor tərəfindən borcalana 794,34 manat məbləğində əlavə kredit ayrılmışdır. Bununla da kreditin ümumi məbləği 14161,14 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 19/4794 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 05/542 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210115.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 20000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından cavabdehlərin iddiaçıya xx.xx.2018-ci il tarixə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borcunun olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10635,83 manat əsas, 1541,30 manat faiz, 124,75 manat cərimə olmaqla, cəmi 12301,88 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar