Məhkəmə qərarları › İş №2(074)-160/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-160/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-160/2024 12.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisinin 8i-2493 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlərdən biri olan "xxxx" BOKT ASC arasında xx.xx.2020-ci il tarixdə “BAKU ELEKTRONİKS”-in İnşaatçılar filialı mağazasında N_TK025954 saylı kredit müqaviləsinə illik faiz dərəcəsi 19 %, faktiki faiz dərəcəsi (FİFD) 22.42 % olmaqla 18 ay müddətinə soyuducu götürməyi üçün 519 manat kreditin verilməsi nəzərdə tutulub. Həmin vaxtdan yəni soyuducu götürüldüyü andan etibarən xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərindən müvafiq olaraq 30, 50 və 40 manat kredit borcu ödəyib. 2020-ci ilin Qurban bayramından 2-3 gün əvvəl soyuducu xarab olub. Soyuducunun xarab olması iyul ayının sonuna təsadüf edirdi. O, dərhal “BAKU ELEKTRONİKS”-in qaynar xəttinə, mağaza və servis mərkəzinə müraciət edib. Amma təmirə gələn olmayıb. Həmin ilin avqust ayında servis xidmətində olub və tələb edib ki, şikayətlər və təkliflər kitabına zəmanət müddətində düzəlməli olan, kreditə götürülmüş soyuducunu təmirə gəlmədikləri barədə qeyd edib. Servisin Bayram adlı şəxsi hara gedirsən get deyib. Bundan sonra “BAKU ELEKTRONİKS”-in Baş ofisinə yazılı poçt vasitəsi ilə daha sonra, ardıcıl olaraq elektron məktubla müraciət etməyinə baxmayaraq, əlaqədar şöbə sizinlə məşğul olacaq bildiriblər. Bütün məlumatı, yəni elektron ünvan faktiki yaşayış yeri olduğu halda heç bir tədbir gürülməyib. Bundan sonra o, elektron məktubla müqavilənin birtərəfli ləğv etmək barəsində Baş ofisə məktub yazıb. Zəmanət müddətində soyuducunu təmir etməyiniz üçün müqavilədə göstərilən ödənişi etməkdən imtina və soyuducunun isə geri qaytarılması və ödədiyi pulun geri qaytarılması üçün müraciət edib. Hər ay 5-6 aydan bir baş ofisə yaxınlaşaraq problemli şöbədə olub, ordan da deyiblər ki, yarısını ödə həll olacaq. O, isə inanmadığı üçün həmin pulu ödəməkdən imtina edərək məhsulun geri götürlməsini tələb edib. xx.xx.2023-cü il tarixdə növbəti dəfə baş ofisə yaxınlaşdıqda onun haqqında notarius qeydi əsasında Şamaxı rayonu İcra və Probasiya şöbəsinə məktub göndərildiyi bildirilib. xx.xx.2023-cü il tarixdə Şamaxı rayon İcra və Probasiya şöbəsinə yaxınlaşıb. “ASAN xidmət” mərkəzinin ofisinin 8i-2493 saylı, xx.xx.2023-cü il tarixli İcra qeydini və bildirişi alıb. xx.xx.2023-cü il tarixə kimi onunla heç bir əlaqə saxlamamışlar. Faktiki ünvanın yoldaşı və özünün telefon nömrələri olduğuna baxmayaraq, gizlin olaraq bu notarius qeydini qeydiyyatda olduğu rayonu göndərmişlər. BOKT notariusa 3 il bitdikdən sonra müraciət etmişdir. Əgər 3 il müddətinə məhkəməyə verməyibsə, 3 ildən sonra bank borc alanı məhkəməyə verməsi mümkünsüzləşir. Onun servisə və baş idarəyə dəfələrlə müraciətinə cavab vermədiklərinə və məhsulu təmin etmədiklərinə görə hesab edir ki, bu kredit müqaviləsinin ləğv olunması üçün əsasdır. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi bildirməli idi. Hansı ki, iddiaçının faktiki yaşayış yeri və əlaqə telefon nömrələri onlarda olmasına baxmayaraq ona bildiriş göndərməmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, icra qeydinin verilməsi ilə bağlı ona məlumat verilməmişdir. Halbuki onun Şamaxı rayonunda qeydiyyatda olsa da faktiki Bakı şəhərində yaşaması onlara məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, müqavilədə ona faktiki yaşayış ünvanını yazması bildirilməmişdir. Lakin onun və həyat yoldaşının teefon nömrələri onlarda olmuşdur. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8i-2493 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 403.68 manat məbləğində əsas 16.32 manat məbləğində cərimə və tələbkar tərəfində ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 445 manat məbləğində pulun tutulması qərara alınmışdır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 8i-2493 reyestr nömrəli icra qeydi əsasında icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarından görünür ki, "xxxx" BOKT ASC ilə İddiaçı xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “BOKT” kredit alana "xxxx" MMC-dən məişət əşyaları alınması məqsədilə 519 manat məbləğində kredit verməyi, kredit alan isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götümüşdür. Kredit 18 ay müddətinə verilmişdir. Həmin müqavilədə kredit alan İddiaçı ünvanı Şamaxı rayonu, Məlikçobanlı kəndi kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT ASC tərəfindən İddiaçı borcunu ödəməsi əks halda notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmiş və bu barədə bildiriş İddiaçı "xxxx" BOKT ASC-yə məlum olan ünvanı Şamaxı rayonu, Məlikçobanlı kəndinə xəbərnamalı poçt məktubu ilə göndərilmiş, həmin bildiriş köçüb qeydi ilə geri qaytarılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" BOKT ASC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit sazişinə əsasən BOKT tərəfindən iddiaçıya 519 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun "xxxx" BOKT ASC qarşısında borcu yaranmışdır "xxxx" BOKT ASC isə iddiaçıya kredit müqaviləsindən irəli gələn borcunun ödənməsi əks halda borcun tutulması ilə bağlı notarius tərəfindən icra qeydi aparılacağı barədə bildiriş İddiaçı "xxxx" BOKT ASC-yə məlum olan ünvanına göndərilmişdir. Daha sonra isə "xxxx" BOKT ASC icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" BOKT ASC tərəfindən İddiaçı borcun tutulması ilə bağlı notarius tərəfindən icra qeydi aparılacağı barədə bildiriş onun "xxxx" BOKT ASC-yə məlum olan ünvanına göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" BOKT ASCyə hazırda faktiki olaraq yaşadığı ünvan barədə məlumat verilməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur, həmçinin iddiaçı tərəfindən bununla bağlı sübutla məhkəmə iclaslarında da təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının soyuducu işləmədiyi üçün kredit borcunu ödəməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, o, "xxxx" BOKT ASC-dən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında məişət əşyalarının alınması üçün 519 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli, 8i-2493 reyestr nömrəli icra qeydi də məhz bu kredit borcunun ödənilməməsinə görə verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar