Məhkəmə qərarları › İş №2(074)-1626/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1626/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1626/2024 27.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli qətnaməsi ilə 21 aprel 2011-ci il tarixdə doğulmuş X6 və 09 sentyabr 2014-cü ildə doğulmuş X8 adlı uşaqlarının saxlanmasına görə hər ay hər uşaq üçün qət edilmiş 30 manat alimentin həcminin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, hər ay 470 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon məhkəməsinin 04 iyun 2015-cı il tarixli qətnaməsilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan 21 aprel 2011-ci il tarixdə doğulmuş X6 və 09 sentyabr 2014-cü ildə doğulmuş X8 adlı uşaqlarının onun himayəsində saxlanmışdır. Şamaxı Rayon Məhkəməsinin 15 aprel 2016cı il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə onların saxlanması üçün sabit pul məbləğində 30 manat aliment, cəmisi 60 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Amma bu məbləğ hazırda uşaqların tələbatının ödənilməsinə kifayət etmir. Uşaqlar böyüdükcə xərcləri də artır. Ona görə də onların saxlanmasına maddi çətinlik çəkir. O, alimentin həcminin artırılması barədə Mediasiyaya müraciət edib. Lakin cavabdeh Mediasiyaya gəlməyib. Bu səbəbdən də alimentin həcminin artırılması üçün Şamaxı Rayon məhkəməsinə müraciət etmək qərarına gəlib. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinə dəqiqləşmə verərək, Şamaxı Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli qətnaməsi ilə 27 aprel 2011-ci il tarixdə doğulmuş X6 və 09 dekabr 2014-cü ildə doğulmuş X8 adlı uşaqlarının saxlanmasına görə hər ay hər uşaq üçün qət edilmiş 30 manat alimentin həcminin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, hər ay 470 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq, bildirdi ki, uşaqların xərcləri artıb. 2016-cı ildə təyin olunan aliment məbləği kifayət etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirdi ki, oğlu fəhləlik edir. Yenidən evlənib, həmin evlilikdən də 1 uşağı var. İddiaçının istədiyi qədər aliment ödəməyə isə maddi imkanı yoxdur. Əmək haqqı barədə arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ № 216392 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahına xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, 15 mart 2016-cı il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 27 aprel 2011-ci il təvəllüdlü X6 və 09 sentyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay hər uşağa görə 30 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 683133 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 aprel 2011-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 461587 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 dekabr 2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 30 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşaqlarını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 51,20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdehdan qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 27 aprel 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 51,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar