Məhkəmə qərarları › İş №2(074)-177/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-177/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-177/2024 01.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində əsas borc məbləği, 500 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 105 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 8000 manat məbləğində borc pul vermişdir. Buna dair cavabdehlə aralarında Bakı şəhəri 53 saylı Notariat Kontorunda xx.xx.2022-ci il tarixli kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı pul məbləğini xx.xx.2023-cü il tarixinədək qaytarmalı idi. Cavabdeh ondan aldığı pul məbləğini bugünədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də onu çox çətin və əlverişsiz vəziyyətə salmışdır, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri 53 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Şamaxı rayonu, Ovculu kəndində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 8000 manatı pulu Seymura verməmişdir. O, pulu Efe adlı şəxsə vermişdir. Belə ki, Efe adlı şəxslə pul qazanmaq üçün müəyyən işlər görmək istəmişlər və həmin vaxt Efeyə 8000 manat pul vermişdir. Həmin vaxtlar Seymuru ümumiyyətlə tanımamışdır. Efenin onu aldatdığını gördükdə o, polis orqanlarına şikayət etdiyindən özünü Efenin dostu kimi təqdim edən hazırki cavabdeh Seymur həmin pulu ödəyəcəyini bildirmiş və onlar buna görə notarial qaydada kredit müqaviləsi bağlamışlar. Notariusda olanda isə o, faktiki olaraq 8000 manatı notariusun depozitinə qoymamışdır. Həmin vaxt ümumiyyətlə 8000 manat olmamışdır. Seymurla kredit müqaviləsi bağlamaq barədə razılaşdıqda ona hazırda depozitə qoymaq üçün pulun olmadığını dedikdə, Seymur ona notariusda hər şeyi özünün həll edəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, iddiaçı ona pul verməmişdir. O, ümumiyyətlə əvvəllər Ramiləni tanımamışdır. Ramilə pulu onun da tanıdğı türk vətəndaşı Efeyə vermişdir. Həmin vaxt ümumiyyət o, onların yanında olmamışdır. O, sadəcə dostu olan Efeyə kömək etmək məqsədilə pulu qaytaracağını bildirmişdir. Həmin türk vətəndaşı hazırda Türkiyə Respublikasındadır. O, sadəcə həmin türk vətəndaşına inanmış və ona kömək etmişdir. Çünki, o borc məbləğini qaytaracağını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, notariusda kredit müqaviləsi bağlanarkən notariusun depozit hesabına pul qoyulmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı X1 HK-1/84 nömrəli materialı üzrə 14 iyun 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Ofisində imzalanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 8000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı müəyyən işlər görmək üçün X5 ümumilikdə 8000 manat pul vermiş, lakin Efe həmin pulu qaytarmamışdır. X3 tanışı Cavabdeh həmin pulu qaytaracağını bildirmiş və buna görə İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmış, lakin həmin kredit müqaviləsi bağlanarkən Ramilə Seymura faktiki olaraq bir-birinə 8000 manat pul verməmişdir (notariusun depozit hesabına qoymamışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çox tərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsaəsn etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki işin materiallarından və tərəflərin məhkəmə iclasındakı izahatlarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə faktiki olaraq 8000 manat borc verilməmişdir. İddiaçı 8000 manat pulu X4 vermiş, lakin onunla olan münasibətləri pərdələmək üçün Seymurla həmin pula dair kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli tarixli əqd əhəmiyyətsiz əqd olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsindən asılı olmayaraq etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, tərəflər arasındakı münasibətlər zaminlik münbasibətlərinə uyğun gəlsə də tərəflər zaminlik münasibələrini qanunvericlikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar