Məhkəmə qərarları › İş №2(074)-177/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-177/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-177/2025 11.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbnə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 manat məbləğində borcun alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışdır. 2022-ci il tarixdə Şöhrət ev tikmək məqsədi ilə pula ehtiyacı olduğu üçün ondan 7000 (yeddi min) manat borc pul istəmişdir. O da, münasibətlərini, Şöhrətin pula ehtiyacı olmasını nəzərə alıb, borc pul verməyə razılıq vermişdir. Aralarında olan borc söhbətini rəsmiləşdirmək üçün, Bakı şəhəri 52 saylı notariat ofisinə getmişlər və 18 iyul 2022-ci il tarixdə “Mövcud borcun etirafı barədə müqavilə” bağlamışdırlar. Həmin müqaviləyə əsasən, Cavabdeh 7000 (yeddi min) manat borc vermiş, Şöhrət də müqavilə üzrə həmin borcun 1500 (bir min beş yüz) manatını 15 avqust 2022-ci ilə, 1500 (bir min beş yüz) manatını 25 avqust 2022-ci ilə və qalan 4000 (dörd min) manat borcunu isə 15 sentyabr 2022-ci ilə kimi ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, aralarında rəsmi anlaşma olmasına baxmayaraq, Cavabdeh bu günə kimi 7000 (yeddi min) manat aldığı borcdan, yalnız 2600 (iki min altı yüz) manatını ona qaytarmışdır. Qalan 4400 manat borcu isə hal-hazıradək qaytarmamışdır. Hər dəfə o, qalan borcunu qaytarmasını tələb edəndə, cavabdeh müxtəlif bəhanələr gətirir və bununla da, borcu ödəməkdən yayınır. Son zamanlar isə borcu qaytarmaq üçün maddi imkanının olmadığını bildirir. Hazırda özünün də, pula böyük ehtiyacı var. Ona görə də, rəsmi qaydada məhkəməyə müraciət edib, qalan borcun cavabdehdən tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, İddiaçı borc olaraq 7000 manat pul almış, lakin sonradan borcunu tam şəkildə qaytarmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında müqavilə”dən görünür ki, borclu Cavabdeh həmin müqavilə ilə borcverən İddiaçı 7000 (yeddi min) manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və 1500 (bir min beş yüz) manatını 15 avqust 2022-ci ilə, 1500 (bir min beş yüz) manatını 25 avqust 2022-ci ilə və 4000 (dörd min) manat borcunu isə 15 sentyabr 2022-ci ilə kimi borcverənə qaytaracağı barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə borc pul verməsi iş materiallarında olan müqavilə və cavabdehin məhkəmə iclasındakı izahatı ilə sübuta yetirilir. İddiaçı cavabdehin ona olan borcundan 2600 manat hissəsini qaytardığını etiraf edir, cavabdeh isə borcunu tam qaytardığını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində borc almış, cavabdeh həmin borcun 1500 (bir min beş yüz) manatını 15 avqust 2022-ci ilə, 1500 (bir min beş yüz) manatını 25 avqust 2022-ci ilə və 4000 (dörd min) manatını 15 sentyabr 2022-ci ilə kimi qaytaracağı barədə öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmiş və hal-hazıradək borcunu tam olaraq qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc pul almasına dair hüququndan istifadə etmiş, lakin, borc məbləğinin qaytarılmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4400 manat məbləğində borc və ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4400 manat məbləğində borc və ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar