Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-180/2024 28.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 650 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayonunda Cavabdeh 650 manat dəyərində maye qaz çəni adı ilə aldığı çəni alarkən aldadılıb. Maye qaz çəninin dəyərli olduğunu öyrəndiyindən və çənə yaxından baxmağın qeyri-mümkünlüyündən bu baş vermişdir. Çən axşam vaxtlarında gətirildiyindən qapağının əzildiyini və içərisinin paslı olduğunu gördükdə bildirib ki, bu maye qaz çəni deyil. Cavabdeh iki yerdən qaynağı göstərib bildirib ki, nərdivan və boru yeridir. Məlum olub ki, cavabdeh yalan söyləyirmiş. O, çəni X1 50 manata təmizlətdirərkən içərisindən 4-5 vedrə həcmində pas tullantıları çıxarılıb və eyni zamanda 2 yerdən deşilmiş yer aşkar olunub. O, bunu cavabdehin telefonuna mesaj yazaraq bildirib ki, pulunu qaytarıb, dəyərsiz çənini aparsın. O, zəng edərək etiraz edib. O, 23 may tarixində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edib. Ona bildiriblər ki, məsələ ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Daha sonra iddiaçı ərizə ilə məhkməyə müraciət edərək çənin təmizlənməsi üçün ödədiyi 50 manat da nəzərə alınmaqla 700 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkməyə müraciət edərək çən üçün ödədiyi 650 manatın, çənin təmizlənməsi üçün ödədiyi 30 manatın və rüsuma görə ödədiyi 30 manatın cəmi 710 manat pulun cavabdehdən tutularaq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, çəni alarkən ona maye qaz çəni lazım olmuş və o, bu məqsədlə İxtiyardan çəni almışdır. Çəni alarkən hava yağışlı və küləkli olmuş, həmçinin çən hündür yerdə olduğundan ona baxa bilməmişdir. Çəni almağa bacısı ilə birlikdə getmiş, 650 manata razılaşmış 50 manat beh vermiş, qalan 600 manatı isə bir dəfəyə cvabdehin evinin yanında olan marketə qoymuşdur ki, cavabdeh götürsün. Həmin vaxt cavabdehin tanışı Rauf da orada olmuşdur. Çəni onun həyətəinə gətirdikdən sonra çənin içinin paslı olduğu və bir neçə yerindən deşik olduğunu görmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, bildirdi ki, o, çəni cavabdehə 500 manata satmaq istəmiş, lakin cavabdehlə 450 amanta razılaşıblar. İddiaçı ilk əvvəl 50 manat beh vermişdir. Yerdə qalan 400 manatını isə onunda tanıdığı marketdə satıcı işləyən xanıma vermiş və oda həmin 400 manatı götürmüşdür. Daha sonra o, iddiaçıdan yerdə çənin daşınması üçün çəkilən xərci tələb etdikdən sonra iddiaçıda hazırki tələblə məhkəməyə müraciət etmişdir. Marketdə satıcı işləyən xanım olduğundan məhkəmədə iştirak etmək istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək, bildirdi ki, İxtiyar onun dostudur. İxtiyar iddiaçıya çəni satarkən o da orada olmuşdur. İxtiyar çəni 600-700 manata satmaq istəmiş, lakin cavabdeh 500 manata istədi. Rauf xəstə olduğundan və pul lazım olduğundan razılaşmasını bildirdim və razılaşdılar. İlk olaraq iddiaçı 50 manat beh verdi. Qalan pulun necə verilməsini bilmir. İddiaçı su çəni axtarırdı. Çən satılan vaxt 2023-cü ilin yaz-yay ayları idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək, bildirdi ki, iddiaçının doğma bacısıdır. İddiaçıya su çəni lazım olmuş və onlar İxtiyarın çən satdığını bilmişlər. Çənə baxmaq üçün gedərkən hava yağışlı olduğundan və çən hündürdə olduğundan çənə ətraflı baxa bilməyiblər. Lakin çəni almaq barədə cavabdehlə danışıb 600 manata razılaşmışlar. Həmin vaxt orada İxtiyardan başqa bir nəfərdə olmuş, lakin onun adını unutmuşdur. Bacısı ilk əvvəl 50 manat beh vermiş, bir neçə gündən sonra çəni gətirib bacısının həyətinə qoymuşlar. Təmizləyərkən çənin içindən xeyli pas çıxmış və çənin deşik olduğunu görmüşlər. Bacısı cənin yerdə qalan 550 manat pulunu isə bir dəfəyə olmaqla aparıb marketə qymuşdur. Bacısı 550 manatı marketə qoyarkən orada olmamış, lakin bacısı bu barədə ona bildirmişdir. Məhkəmə,iddiaçının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 fevral 2024-cü il tarixli, 3-13-108/2-1509/24 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh barəsində Şamaxı Rayon Polis Şöbəsinə hər hansısa bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehdən aldığı çənə görə ona 650 manat pulun verildiyini iddiaçı sübut etməlidir. Lakin iddiaçı cavabdehdən aldığı çənə görə 650 manat pul ödəməsinə dair heç bir sübut təqdim edə bilməmiş, həmçinin onun tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadəsində çəni cavabdehdən 600 manata aldıqlarını bildirmişdir. İddiaçı cavabdehdən aldığı çənə görə 650 manat pul ödəməsinə dair heç bir sübut təqdim edə bilməsə də cavabdeh iddiaçıya çəni 450 manata satdığını etiraf etmiş, həmin pulun 50 manatının ona beh kimi verildiyini, 400 manatının isə onun tandığı marketə qoyulduğunu və həmin pulun tərəfindən götürüldüyünü bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 450 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 450 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-180/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-180/2024
28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver