Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-181/2024 20.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “avtoqəza nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-hərəkət qaydalarını pozması nəticəsində avtomobilinə vurulmuş 1230 manat məbləğində ziyanın, Bakı- Şamaxı magistralı ilə məhkəməyə 120 manat gediş-gəliş xərclərinin, ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 xx.xx.2023-cü il tarixdə 18:30 radələrində idarə etdiyi “Qazel” markalı **-XF-*** dövlət nömrəli avtomobil ilə Binəqədi-Novxanı yolunda ona məxsus mercedes markalı maşınla toqquşmuşdur. Hadisə yerində dövlət müfəttişləri olmuş, hadisəni qeydiyyata almış, hadisənin baş verməsinə səbəb cavabdehin yol hərəkət qaydalarını kobud pozması olmuşdur. Belə ki, dövlət yol müfəttişliyi tərəfindən müvafiq inzibati protokol tərtib edilmişdir. Avtomobilinin təmir edilərək, bərpa edilməsi üçün 1230 manat məbləğin tələb olunduğu barədə müstəqil avtoservis mərkəzinin ziyan aktı vardır. Cavabdehin avtomobilinin məcburi sığorta şəhadətnaməsi olmadığı və dəymiş ziyan könüllü ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin ediməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə “QAZ 3302200-1770 YÜK” markalı 77XF356 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə “QAZ 3302200-1770 YÜK” markalı 77XF356 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiynə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2023-cü il tarixli 04 saylı zərər aktından görünür ki, İddiaçı məxsus “**-RY-***” dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il, mühərrik № **********7907, Ban № WDB2020781F775315, “Mercedes Benz C-180” markalı minik markalı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 1230 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C-180” minik markalı, 90RY246 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli, 9/1222 saylı ekspert rəyindən görünür ki, "xxxx" kiçik müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 1998-ci il buraxılışlı, “Mercedes” markalı, “Benz C180” model, WDB2020781F775315 BAN №-li, “**-RY-***” dövlət qeydiyyat nişanlı, qara metallik rəngli avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1280 manat məbləğində olduğu müəyyən edilmişdir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziayana görə 1230 manat məbləğində pul cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Bakı-Şamaxı magistralı ilə məhkəməyə 120 manat gediş-gəliş xərclərinin” tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməmlidir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən heç bir sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul da cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32,30 manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 1230 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,30 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************4, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-181/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-181/2024
20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver