Məhkəmə qərarları › İş №2(074)-2/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-2/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-2/2020 08.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balamirzə qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000006948 saylı kredit razılaşması üzrə 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu və 5842,34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20725,27 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanındakı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 20725,27 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ünvan 1-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızının fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evdən çıxarılması, fərdi yaşayış evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2016-cı ildə vəfat etmişdir. Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-2/2020 saylı qərardadı ilə Cavabdeh2 hüquq varisi Cavabdeh1 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000006948 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli 17R000006948SA saylı və xx.xx.2016-cı il tarixli 17R000006948SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4356,12 manat ödəmiş, onun 10643,88 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 429 gün üçün hesablanmış faiz borcu 4239,05 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 429 gün üçün hesablanmış cərimə 5842,34 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 17M000000724 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı QSC cavabdeh ipoteka qoyan Cavabdeh1 xx.xx.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. xx.xx.2017-ci il tarixdə bildirişi qəbul etməkdən imtina etmişlər. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Şamaxı rayonu İcra Hakimiyyəti İcra Hakimiyyəti Başçısının Həmyəli kənd X5 üzrə nümayəndəsi tərəfindən verilən forma-2 arayışına əsasən yaşayış evinin sahibi Cavabdeh1dur və evdə daimi Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızı qeydiyyatdadırlar, həmin fərdi yaşayış evini iddiaçıya ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyini barədə öhdəlik götürmüşlər. Odur ki, iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə ölüm haqqında şəhadətnaməni təqdim edərək Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materilallarında olan xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 120000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materilallarında olan xx.xx.2014-cü il tarixli 17R000006948 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı QSCdən 15000 manat pulu qəbul etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli 17R000006948S saylı, xx.xx.2015-ci il tarixli 17R000006948SA saylı və xx.xx.2016-cı il tarixli 17R000006948SB sazişlərdən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 17R000006948 saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 17S000007182 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2Cavabdeh1xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsi və onun tərkib hissəsi olan kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı QSC qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 17M000000724 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsi onun tərkib hissəsi olan kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış və bunun əsasında Şamaxı rayonu, Həmyəli kəndi, 1/1 nömrəli evin 1-ci mərtəbəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 11764,50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışından görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ev xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 11839 saylı ərizədən görünür ki, İddiaçı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsinə tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən evə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan portaldan çıxarışlardan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMCnin xx.xx.2018-ci il tarixli № 88 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin, 1 saylı mənzilinin bazar dəyəri 18000 manat təşkil edir. Aparılmış ekspertizanın xərci isə 200 manatdır. İş materiallarında olan xx.xx.2018-ci tarixli 9686 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 17S000007182 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 10643,88 manat əsas, 4239,05 manat faiz və 5842,34 manat cərimə olmaqla, ümumilikdə 20725,27 manat borcu vardır. İş materillarında olan portaldan çıxarışdan görünür ki, İddiaçı QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZ-İ № 772639 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli № 2/83 saylı məktubundan görünür ki, Şamaxı rayon Notariat ofisində xx.xx.2016-cı ildə vəfat etmiş Cavabdeh1 vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nin Həmyəli kənd nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 hal-hazırda Cavabdeh1 məxsus Şamaxı rayonu Həmyəli kəndində yerləşən yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan X3 Təchizatı və Satışı İdarəsinin xx.xx.2020-ci il tarixli № 01-01/045 saylı məktubundan görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmış və ona xx.xx.2014-cü il tarixli 17R000006948 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit vermişdir. xx.xx.2014-cü il tarixli 17S000007182 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2Cavabdeh1xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsi və onun tərkib hissəsi olan kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. xx.xx.2014-cü il tarixli 17M000000724 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 17L000004226 saylı kredit xətti müqaviləsi onun tərkib hissəsi olan kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Şamaxı rayonu, Həmyəli kəndi, 1/1 nömrəli evin 1-ci mərtəbəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərlə xx.xx.2014-cü il tarixli 17R000006948 saylı kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilmişdir. Kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməyən, nəticədə iddiaçıya 10643,88 manat əsas, 4239,05 manat faiz və 5842,34 manat cərimə olmaqla, ümumilikdə 20725,27 manat borcu yaranmış Cavabdeh1 xx.xx.2016-cı ildə vəfat etmiş, onun vərəsəsi eyni zamanda zamini olan cavabdehə yaranmış borcu ödəməsi təklif edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İddiaçı bunun üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, hazırkı iddia üzrə isə 30 manat dövlət rüsumu ödəmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli № 88 saylı ekspert rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 18000 manat olduğu müəyyənləşdirilmişdir. Aparılmış ekspertizanın xərci isə 200 manat olmuşdur. Məhkəmə, tərəflərin ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarını və ilkin satış qiymətini müəyyən etmiş Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyərinə uyğun olaraq 18000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən borclu tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə, Cavabdeh1 hesablanmış 5842,34 manat cəriməni tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 50 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” x xxxx 2018-ci il tarixli Qərarında hüququn tətbiqi təjrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məjburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərarında hüququn tətbiqi təjrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məjburi olan hüquqi mövqeyi ondan ibarətdir ki,Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, mərhum Cavabdeh1kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd etməsi, öhdəliyini icra etməməsi, nəticədə banka iddia edilən miqdarda əsas və faiz borcunun yaranması, fərdi yaşayış evinin kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edilməsi tam təsdiq olunduğundan, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, eləcə də, borclu Cavabdeh1 ölümü Cavabdeh2 zaminliyinin xitamına səbəb olmadığından və vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmadığından, 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 18000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılmalı və hərracdan əldə edilmiş vəsait hesabına cəmi 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddiaçıya ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 tutulmalı, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə istifadə hüququ itirilməli, onlar həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və iddiaçıya təhvil verilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən ekspertlərə verilməli məbləğ ekspertlərin təyin edilməsini xahiş etmiş tərəfdən tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilmiş ekspert rəyi üzrə ekspert xərcini təşkil edən 200 manat, Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 17R000006948 saylı kredit razılaşması üzrə 10643,88 manat məbləğində kredit borcu, 4239,05 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Tələb ipoteka predmeti olan Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 18000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılsın və hərracdan əldə edilmiş vəsait hesabına cəmi 14932,93 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 tutulsun. Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 1/1 saylı evin 1 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 Balamirzə qızının fərdi yaşayış evinə istifadə hüququ itirilsin, onlar həmin fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi boşaldılsın və İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 200 manat alınıb, VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X, M/hAZ37NABZ******************** hesaba köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar