Məhkəmə qərarları › İş №2(074)-219/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-219/2020

23.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-219/2020 23.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Hacıverdi oğlu, Cavabdeh nümayəndəsi və vəkili x1 iştirakı ilə, İddiaçı Hacıverdi oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hacıverdi oğlu Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialından 18.02.2015-ci il tarixdə götürmüş olduğu kreditə görə tərəfindən ödənilmiş 1726,35 ABŞ dolları məbləğində pulun və 4800 manat məbləğində pulun, həmin kreditə görə ödənilmiş kompensasiya məbləğinin, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hacıverdi oğlu iddianı müdafiə edərək izahat verib bildirdi ki, cavabdeh onun keçmiş nişanlısı olmuş x2 atasıdır. O, 18.02.2015-ci il tarixdə “xxxxxxxxx” ASC-nin Şamaxı filialından 24 ay müddətinə qaytarmaq şərti ilə illik 22 faizlə 6360 ABŞ dolları məbləğində kredit götürmüş və onun adına olan kredit müqaviləsi üzrə ödənişlər tərəfindən həyata keçirilmişdir. Həmin ödənişləri 2017-ci ilin sentyabr ayına kimi tərtib edilmiş qrafikə və kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən həyata keçirmiş, 2017-ci il sentyabr ayının 9-da cavabdehin qızı Aynurənin qız toyu olmuş və toy axşamı saat 01:00 radələrində Aynurə, x5 adında bir oğlana qoşularaq qaçmışdır. Həmin vaxtdan sonra banka ödənişləri dayandırmış və cavabdeh bankdan götürmüş olduğu krediti ona verdiyini bildirməklə məhkəmədə ona qarşı iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin 08.06.2018-ci il tarixli 2(060)-3562/2018 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və ondan 7000 ABŞ dolları məbləğində pulun 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdehin banka olan borclarına görə həm qəbzlə, həm də “Milli ön” ödəniş terminalı vasitəsi ilə ödənişlər həyata keçirmiş, həmin ödənişlər həm xarici valyutada ABŞ dolları ilə, həm də milli valyutada aparılmış, ümumilikdə tərəfindən banka 1726,35 ABŞ dolları və 4800 manat məbləğində vəsait ödənilmişdir. Cavabdehlə kredit müqaviləsi bağlanan zaman 1 ABŞ dolları 0,78 manat olmuş, lakin bu müddət ərzində 2 dəfə devolvasiya prosesi baş vermiş, nəticədə manat dəyərdən düşmüş, lakin ödənişlərin tərəfindən aparılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devolvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydasına əsasən kompensasiya məbləğini almışdır. Odur ki, Cavabdeh “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialından 18.02.2015-ci il tarixdə götürmüş olduğu kreditə görə tərəfindən ödənilmiş 1726,35 ABŞ dolları məbləğində pulun və 4800 manat məbləğində pulun, həmin kreditə görə ödənilmiş kompensasiya məbləğinin, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili x3 izahat verib bildirdi ki, cavabdehin qızı Aynurə Manıyeva 05 avqust 2018-ci ildə özünə qəsd edərək, vəfat etmişdir. Cavabdehin mərhum qızı Aynur Manıyeva ilə iddiaçının oğlu İddiaçı nişanlı olduqları dövrdə sonuncu Bankdan 7000 (yeddi min) ABŞ dolları kredit götürərək ona borc verməyini xahiş etmiş, o, da onun istəyinə uyğun olaraq “xxxxxxxxx” ASC-dən 7000 ABŞ dolları məbləğində kredit götürərək, ona vermişdir. Kredit borcunu ödəmədiyinə görə, iddiası əsasında Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və 7000 ABŞ dollarının İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmış və icraya yönəlmişdir. İddiaçı həmin borcdan yalnız 2 dəfə ödəniş etmiş həmin ödənişlərdə 447,35 ABŞ dolları və 279 ABŞ dolları dəyərində olmaqla ümumilkdə 726,35 ABŞ dolları olmuşdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxx” ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 6360 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-3562/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Hacverdi oğluna qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, İddiaçı Hacverdi oğlundan 7000 ABŞ dolları borc pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(105)-455/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Hacverdi oğlunun apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-3562/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(105)-455/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan **********72 saylı qəbzdən görünür ki, Cavabdeh xxxxxxxxx ASC-yə olan borcu üzrə İddiaçı 447,35 ABŞ dolları ödəmişdir. İş materiallarında olan **********82 saylı qəbzdən görünür ki, Cavabdeh xxxxxxxxx ASC-yə olan borcu üzrə İddiaçı 279 ABŞ dolları ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini cavabdehin “xxxxxxxxx” ASC-nin Şamaxı rayon filialına olan borcu üzrə 1726,35 ABŞ dolları və 4800 manat ödəməsi ilə əsaslandırsa da yanaşı yoxlanılmış sübutlarla onun yalnız bir dəfə 447,35 ABŞ dolları, bir dəfə 279 ABŞ dolları olmaqla ümumilkdə 726,35 ABŞ dolları ödəniş etdiyi təsdiq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh xxxxxxxxx ASC-nin Şamaxı filialından 18.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 6360 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı, ödəmək öhdəliyi olmadığı halda həmin kredit müqaviləsi üzrə cavabdehin əvəzinə 726,35 ABŞ dolları ödəniş etmiş, nəticədə cavabdeh ödənilmiş vəsait məbləğində varlanmışdır. İş üzrə olan sübutlarla cavabdehin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devolvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydasına əsasən kompensasiya məbləğini alması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə də məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının öhdəlikdən kənar ödəniş etməsi hesabına 726,35 ABŞ dolları məbləğində varlandığı təsdiq olunduğundan, həmin vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehin 18.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kompensasiya məbləğini alması sübut edilmədiyindən, eləcə də müvafiq kompensasiyanı almaq hüququ müqavilə tərəfi olaraq cavabdehə aid olduğundan, iddiaçının tərəfi olmadığı müqavilə üzrə verilməsi nəzərdə tutulan kompensasiyanın özünə verilməsini tələb etmək hüququ olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia əksər hissədə rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aiddir və cavabdehdən onun xeyrinə tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 726,35 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul alınıb İddiaçı Hacıverdi oğluna verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar