Məhkəmə qərarları › İş №2(074)-22/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-22/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-22/2024 11.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xırda buynuzlu heyvanları tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən 500 manat, habelə söyüş-təhqirlərə görə onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə, mənəvi zərərin əvəzi kimi əlavə 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu Cavabdeh xırda buynuzlu heyvanları (keçiləri) 2022-ci ilin aprel ayından başlayaraq, dəfələrlə onun həyətinə keçib, evinin tavanındakı lambirləri sındıraraq, məhv etmişlər. İlk vaxtlarda o, bununla əlaqədar, Cavabdeh tapşırmışdır ki, heyvanlarına sahib çıxsın, həyətinə keçib evinin tavanını və həyətyanı sahəsini dağıtmasınlar. Belə deyərkən, cavabdeh ondan üzrxahlıq etmək əvəzinə, onu söyüb, təhqir etmişdir. O demişdir ki, heyvanlarının onun həyətinə keçməsinə imkan verməsin, cavabdeh isə hər dəfə cavabında ona söyüş söymüşdür. Qonşusu - Cavabdeh xırda buynuzlu heyvanları ona 500 manat dəyərində maddi zərər vurmuşlar. Həmçinin, aralarında narazılıq yarananda, cavabdehin özü isə hər dəfə ona söyüş söydüyündən, ona əlavə mənəvi zərər də dəymişdir. Belə ki, 77 yaşı var, bu yaşında cavabdeh ona necə gəldi təhqir etmişdir. Ona görə də, ona dəymiş mənəvi zərərin 500 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı müraciətində, iddia tələbini qəbul etmədiyini, iddiaçının ona şər atdığını və hazırda xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini göstərərək, işə onun iştirakı olmadan baxılıb, iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun saxladığı xırda buynuzlu heyvanları (keçiləri) İddiaçı həyətinə keçsə də, iddiaçının evinin tavanının 2 ədəd lambirini sındırmış, həmin lambirlərin dəyəri isə iddiaçının tələb etdiyi məbləğdə etmir. Həmçinin, iddiaçı onun xırda buynuzlu heyvanlarına görə ona narazılığını bildirərkən, o, iddiaçını söyüb, təhqir etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tavanında quraşdırılmış lambirlərin bir hissəsi sındırılmışdır. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən olunması məqsədi ilə, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5337 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ziyan dəymiş tavanının eni 5 metr, uzunluğu isə 7 metrdir. Tavana vurulmuş lambir təbəqəsinin yenisi ilə əvəz olunmasına çəkiləcək xərcin orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına dair smeta tərtib olunmuş və iddiaçının yaşadığı ünvanda yerləşən evin tavanında lambirlərin sındırılması nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği orta bazar qiymətlərinə uyğun, təqribən 505 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tavanında quraşdırılmış lambirlərin 5 metr eni, 7 metr uzunluğu olan hissəsində ziyan dəymişdir. Həmin ziyanın Cavabdeh xırda buynuzlu heyvanlarının törətməsi müəyyən olunmuşdur. Ekspert rəyi ilə iddiaçının yaşadığı ünvanda yerləşən evin tavanında lambirlərin sındırılması nəticəsində, iddiaçıya təqribən 505 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının maddi zərərin əvəzi olaraq cavabdehdən 500 manat məbləğində vəsait tələb etdiyini əsas tutaraq, ekspertin gəldiyi nəticəni yalnız həmin hissədə qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dəymiş maddi zərərin əvəzi olaraq 500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 25 manat pul Cavabdeh, 25 manat pul isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı söyüş-təhqirlərə görə onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə, mənəvi zərərin əvəzi kimi əlavə 500 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, bu halı təsdiq edən sübut iş materiallarına əlavə olunmadığından və bununla bağlı məhkəmə iclasında da, hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 25 (iyirmi beş) manat pul Cavabdeh, 25 (iyirmi beş) manat pul isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar