Məhkəmə qərarları › İş №2(074)-247/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-247/2021

31.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-247/2021 31.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X9, cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X3 nümayəndəsi X1 və üçüncü şəxs X5 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X4 (Cavabdeh) və üçüncü şəxs X7 qarşı “qapının açılması, açarların və zirzəmini ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X4 (Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi bina 98, mən 02-də yerləşən ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin ev ona 1995-ci ildə verilmişdir. Ondan əvvəl həmin evdə xalası yaşamış, xalası həmin vaxt evin zirzəmisinin bir hissəsindən təsərrüfat əşyalarını qoymaq üçün istifadə etmiş, xalasının uşaqları Türkmənistanda olduqlarından o, xalasının yanında qalmışdır. Xalası sağ olan zaman kommunal təsərrüfatı idarəsinin rəisi gəlib xalasından Nənəş adlı kimsəsiz bir qadının evinin olmadığı üçün oğlu ilə birlikdə evin altında olan zirzəmidə müvəqqəti olaraq yaşamalarını xahiş etmiş, başqa mənzil olan kimi onlara mənzil veriləcəyini, onların həmin zirzəmidən çıxacaqlarını və yenə zirzəminin ona qaytarılacağını bildirmiş, xalası buna razı olmuşdur. Nənəş adlı qadın oğlu Məhəmmədlə zirzəmidə yerləşmiş, daha sonra xalası vəfat etmiş, o, da evlənib ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamış, Nənəş adlı qadının orada müvəqqəti yaşayacaqlarından, ev verilən kimi çıxacaqlarından məlumatı olmuşdur. 1998-ci ildə o, öz evini özəlləşdirmiş, illər keçmiş Nənəş adlı qadına ev verilməmiş, Nənəşin oğlu Məhəmməd evİənmiş, 3-4 il əvvəl Nənəş rəhmətə getmişdir. 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkənlərə yaşadıqları yer yaşayış üçün yararlı olmayan şəxslərə evlər tikilib verilən zaman Məhəmməd də müraciət etmiş, zirzəminin yaşayış üçün yarasız olması səbəbindən onlara da ev verilmişdir. Ev almalarına baxmayaraq onlar zirzəmini qaytarmamışlar. Lakin onlara qəti olaraq əşyalarını oradan çıxarmaqları, oranın yaşayış sahəsi kimi yararlı olmadığı bildirilmişdir. Onlar tamamilə zirzəmini boşaltmağa məcbur olmuş, həmin vaxt komunal təsərrüfatı idarəsinin işçiləri zirzəminin qapısını qıfıllayıb getmişlər. Evin texniki pasportundan da görünür ki, ev bir mərtəbəlidir. Birinci mərtəbədə hal-hazırda özü yaşayır. Evin başqa mərtəbəsi yoxdur. Bu zirzəmi onların evinin yardımçı hissəsidir. Hazırda ev özəlləşmiş evdir. Zirzəminin üstü ona məxsusdur. Yaşayış sahəsi cəmi 47 kv.m-dir. Əslində həmin zirzəmi onun evinin zirzəmisi olduğu üçün onun istifadəsində olmalıdır. Zirzəminin açılması və ona təhvil verilməsi barədə dəfələrlə müraciət etsə də zirzəmi ona verilməmiş, qurum zirzəmini başqa şəxsə vermək fikrindədir. Amma bu mümkün deyil. Belə ki, onun ailəsi böyükdür. 5 nəfərdən ibarətdir. Ev əşyalarını qoymağa yer tapmır. Evinin zirzəmisində də başqasının olmasına razı deyil. Birinci Qarabağ müharibəsi veteranıdır. İİ qrup əlildir. Məhkəmə X8 mülki iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, X5 bildirdiyi fikirlər yalandır. Dediyi fikirlər heç biri həqiqəti əks etdirmir. Xalası 1994-cü ilin noyabr ayında Qazaxıstan Respublikasında rəhmətə gedib və orada da dəfn olunmuş, o, isə qeyd olunan evə 1995-ci ilin fevral ayında köçmüşdür. Həmin zirzəmidən onun xalası da istifadə etmiş, o zaman həmin zirzəmi ona müqavilə əsasında verilmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X3 nümayəndəsi X6 iddia tələbi ilə razı olmayaraq izahat verib bildirdi ki, həmin Şamaxı şəhəri, M.Ə,Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində olan iki otaqdan ibarət yarımzirzəmi 2018-ci ildə icarə müqaviləsi əsasında müddətsiz olaraq X7 icarəyə verilmişdir. Həmçinin qeyd olunan obyekt Şamaxı Kommunal Təsərrüfatı X3 balansındadır və mənzil fonduna daxildir. Buna görə də nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi X16 iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 5332 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 98 nömrəli binanın 02 nömrəli mənzilində yerləşən 47 kvadrat yaşayış sahəsi olan ev İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Şamaxı şəhər Mənzil İstismar Sahəsinin 11.02.2000-ci il tarixli № 35 saylı məktubundan görünür ki, İddiaçı məktubuna cavab olaraq ona yaşadığı evin Təbriz küçəsi istiqamətindən mənzilinə giriş açmaq üçün 3,7 metr uzunluğunda, 3,3 metr enliyində pəncərəni sökərək giriş açmağa icazə verildiyi bildirilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, Şamaxı şəhəri, M.Ə,Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində iki otaqdan 39 kvadrat sahədən ibarət olan zirzəmi 12 aprel 1996-cı ildə icarə müqaviləsi əsasında müddətsiz olaraq X11 icarəyə verilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, Şamaxı şəhəri, M.Ə,Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində olan iki otaqdan ibarət yarımzirzəmi 2018-ci ildə icarə müqaviləsi əsasında müddətsiz olaraq X7 icarəyə verilmişdir. İş materiallarında olan Şamaxı Kommunal Təsərrüfatı X3 24 may 2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı şəhəri, M.Ə,Rəsulzadə küçəsində yerləşən 98 saylı ev Şamaxı Kommunal Təsərrüfatı X3 balansındadır və mənzil fonduna daxildir. İş materiallarında olan GPG16006338 smart sayğaclı abonentin çıxarışından görünür ki, həmin sayğac Vahidov Məhəmməd adlı şəxsin adına bağlanılmış müqavilə əsasında **********00123 saylı abonent kodu ilə Şamaxı şəhəri, Təbriz küçəsi, bina 0, mənzil 0123də fəaliyyət göstərir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X2 şəhəri, Təbriz küçəsi, ev 0, mənzil 12 V ünvanında 6 nəfərdən ibarət ailə tərkibində 22.10.2016-cı il tarixdə quraşdırılmış “smart G-4 İtron Diafraqma” tipli sayğacdan istifadə edir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi 98 saylı bina Şamaxı Kommunal Təsərrüfatı X3 balansındadır və mənzil fonduna daxildir. Həmin binanın yarımzirzəsmisi 1996-cı ildə icarə müqaviləsi əsasında X11 və 29.01.2018-ci il tarixdən isə X7 verilmişdir. Hazırda İddiaçı ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsini tələb etsə də o, həmin zirzəminin onun istifadəsində olmasını təsdiq heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçının Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 98 saylı binanda yerləşən mübahisəli yarımzirzəmiyə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X4 (Cavabdeh) və üçüncü şəxs X7 qarşı “qapının açılması, açarların və zirzəmini ona təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X4 (Cavabdeh) və üçüncü şəxs X7 qarşı “qapının açılması, açarların və zirzəmini ona təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar