Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-256/2021 12.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh2 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,30 metr uzunluğunda əvvəlki hasarın bərpa edilməsinə və cavabdehlərlə aralarında 8 metr uzunluğunda yeni hasar çəkilməsinə maneçilik törədən hərəkətləri etməyi cavabdehlərə qadağan edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı “iddianın dəqiqləşməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərdiyi əvvəlki hasarın hündürlüyünün təxminən 1.8-2 metr olduğunu, tikiləcək olan yeni hasarın isə yenə 1.8-2 metr olacağını bildirmiş, məhkəmədə göstərdiyi hündürlükdə əvvəlki hasarın bərpa edilməsi və göstərdiyi hündürlükdə yeni hasarın öz vəsaiti hesabına tikilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının evi mərkəzi xəstəxananın həyətində yerləşir. 1984-cü ildən orada yaşayır. O, oraya gələndə cavabdehlər qonşuluqda yaşayırdılar. Onun həyəti cavabdehin evinin arxasında yerləşir, evin arxa divarı cavabdehlə onun həyətini bir birindən ayırır. Cavabdehlərin həyətyanı torpağı evinin aşağı hissədədir. Cavabdehin evi sökülənə kimi onun evi ilə cavabdehin evinin arasında 2,30 metr məsafə var idi. Həmin yer onun həyətinə aid olduğundan oranın hasarını vaxtilə o, öz vəsaiti hesabına tikmişdir. 2020-ci ilin yayında cavabdehlərin evi zəlzələdən ziyan çəkmiş ev kimi sökülmüş, traktor rahat işləmədiyinə görə FHN-nin işçiləri Xalid Bayramov və Əhməd Quliyev adlı şəxslər ondan 2,30 metrlik hasarı sökməyi xahiş etmişlər. Traktor rahat işlədikdən sonra iş qurtaran kimi hasarı bərpa edəcəklərini bildirmişlər. O, buna razı olmuşdur. Hasar sökülmüş, evin yeri 1,5 metr həyətə tərəf çəkilmişdir. Cavabdeh üçün ikimərtəbəli ev tikilmiş, evin tikintisi qurtardıqdan sonra cavabdehlər hasarın bərpası zamanı ustalara maneə yaratmış, hətta Cavabdeh2 ustaları hədələyərək hasarın bərpa ediləcəyi təqdirdə özünü yandıracağını bildirmişdir. Bu səbəbdən də o, hasarını bərpa etdirə bilməmişdir. Nəticədə xəstəxananın həyətində olan küçə itləri gecə-gündüz onun həyətində gəzirlər. Evin 1,50 metr geri çəkilməsi nəticəsində cavabdehlərlə onun evinin arası açıq qalmış, bu da yersiz söz-söhbətlərə səbəb olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evinin arxa tərəfində ona aid olmayan onun divarının yaxınlığındakı zəbt etdiyi sahədə qanunsuz və əsassız olaraq inşa etdiyi tikilinin (hinin) onun öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və digər cavabdeh həyat yoldaşı Cavabdeh2 qarşı “hasarın bir hissəsinin bərpa edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi əsassız və qanunsuz olduğundan etiraz edir. Əslində məhkəməyə o, iddia qaldırmalı olduğu halda, illərdir qonşuluq münasibətinə görə heç vaxt belə olmasını istəməmişdir. Hazırda iddiaçı tərəfindən belə əsassız iddia qaldırıldığına görə haqlı olaraq hazırkı qarşılıqlı iddianın verilməsi zərurəti yaranmışdır. Belə ki, ünvan 1 ünvanında onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi vardır. Onun evi Şamaxı rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşir. Cavabdeh isə illər öncədən xəstəxananın həyətinin bir hissəsində özünə ev tikmişdir. Xeyli müddət əvvəl cavabdeh ondan icazə alaraq evinə yaxın yerdən kiçik hasar hörmüşdür. Şamaxıda baş verən məlum zəlzələdən sonra evi qəzalı vəziyyətdə olduğundan müvafiq orqanlar tərəfindən sökülərək yerində yeni ev tikilmişdir və bu zaman da həmin hasar qanunsuz olduğundan sökülmüşdür. İlkin iddiaçının həmin hasarı hörmək üçün hər hansı qanuni əsası olmamışdır. Hazırda ilkin iddiaçının məqsədi onun evinə işıq düşən pəncərəni də bağlayaraq köhnə kiçik hasarın bərpası adı ilə orada hündür hasar hörmək və heyvanlarını saxlamaqdır. İlkin iddiaçı neçə illərdir evinin arxa tərəfində ona aid olmayan divarının yaxınlığındakı sahəni zəbt edərək, orada hin inşa etmiş və çoxlu sayda toyuq-cücə saxlamaqdadır ki, bunun da nəticəsində uzun müddətdir dincliyi pozulmuşdur. O, və həyat yoldaşı yaşlı və xəstə insanlardır. Nəinki günboyu, gecələr də oradakı toyuq cücənin səsindən yatmaq olmur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, əvvəlki hasar doqquz qat qara daşla bir qat tək daşla hörülmüşdür. Cavabdehin dediyi yerdə heç vaxt pəncərə olmamışdır. Evinin sənədləri qaydasındadır və həmin hasar evinin ərazisinə düşür. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianın tamamilə əsassız olduğunu bildirərək rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə onun evinin arasında olan hasarın hündürlüyü təxminən 1.2-1.3 metr, uzunluğu isə 1.5 metr olmuşdur. Hər iki evin arasındakı məsafə 3.5 metr olmuşdur. Əvvəlki hasar bir qat qara daşla tikilmişdir. Əvvəlki hasarın bərpasına və yeni hasarın tikilməsinə etiraz edir və ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 4701 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən iki otaqlı, 86,9 kvadrat ümumi sahəsi, 54,8 kvadrat yaşayış sahəsi olan ev İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən iki otaqlı, 86,9 kvadrat ümumi sahəsi, 54,8 kvadrat yaşayış sahəsi olan fərdi yaşayış evinin sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 4701 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Qədirli küçəsi, ev 61 ünvanında yerləşən iki otaqlı, 117,3 kvadrat ümumi sahəsi, 45 kvadrat yaşayış sahəsi olan ev Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonu, Qədirli küçəsi, ev 61 ünvanında yerləşən iki otaqlı, 117,3 kvadrat ümumi sahəsi, 45 kvadrat yaşayış sahəsi olan fərdi yaşayış evinin sahibi Cavabdeh1dur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər Şamaxı şəhəri Qədirli küçəsində yaşamaqla qonşudurlar. İlkin iddia üzrə cavabdehin evinin divarı əvvəllər ilkin iddia üzrə iddiaçının həyəti ilə onun evini bir birindən ayırmışdır. Lakin zəlzələdən sonra ilkin iddia üzrə cavabdehin evi öz həyətinə tərəf çəkilmiş və onlar arasında hazırda heç bir hasar yoxudur. Tərəflərin evləri arasında əvvəllər hasar mövcud olmuş. Lakin ilkin iddia üzrə cavabdehin evi yenidən tikilən zaman texnikanın rahat hərəkəti üçün sökülmüş və hazırda ilkin iddia üzrə cavabdeh həmin hasarın bərpa edilməsinə etiraz edir. İlkin iddia üzrə iddiaçı həyətində ev quşları saxlamaq üçün hin tikmiş və hazırda orada ev quşları saxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Qeyd edilən Məcəllənin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı əvvəllər mövcud olmuş və uçurulmuş hasarın bərpa edilməsinə və onun həyətyanı torpaq sahəsi ilə cavabdehin evini ayıracaq yeni hasarın tikilməsinə dair tələbi əsaslıdır. Eyni zamanda əvvəlki hasarın bərpa edilməsi və yeni hasarın tikilməsi ilkin iddia üzrə cavabdehin ona məxsus evdən istifadə hüquqlarını pozmur. Buna görə də cavabdehin torpaq sahəsinə daxil olmadan öz hesabına onun evi ilə ilkin iddia üzrə cavabdehin evi arasında 8 metr uzunluğunda 1.8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2.3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlər ilkin iddia üzrə cavabdehlərə qadağan edilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəlləin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər qonşu olduqlarından qarşılıqlı iddia üzrə iddiaçının isə qanunvericiliklə qonşu təsirinə dözmək vəzifəsi müəyyən edildiyindən qarşılıqlı iddia üzrə cavabdehin öz həyətində hin tikib orada ev quşları saxlaması yəni hindən adi qaydada istifadə etməsi qarşılıqlı iddia üzrə iddiaçının öz sahəsindən istifadə etməsinə heç bir maneçilik yaratmır və hinin İddiaçı torpaq sahəsində yerləşməsi qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozumur. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, İddiaçı artıq bir neçə ildir öz həyətində hin tikərək ev quşlarını saxlayır. Əgər bu qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuş olsaydı onun bununla bağlı məhkəmədə iddia qaldırmaq imkanı olmuşdur. Halbu ki, iş materiallarından və qarşılıqlı iddia ərizəsindən görünür ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etdikdən sonra o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin İlkin iddia üzrə cavabdehlərin torpaq sahəsinə daxil olmadan İddiaçı hesabına onun evi ilə ilkin iddia üzrə cavabdehin evi arasında 8 metr uzunluğunda 1.8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2.3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlər ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-256/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-256/2021
12.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver