Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-256/2023 04.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin faktiki halları: xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobili istifadəsinə qəbul etdikdən sonra, 12 ay müddətində, hər ay 700 manat olmaqla, hər ayın 18-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinə əsasən, “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6809/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Süleyman Elçin oğlunun cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh olmaqla) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Süleyman Elçin oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin avtomobilin cavabdeh İddiaçı alınaraq, iddiaçı Süleyman Elçin oğluna verilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hər iki tərəf aralarında faktiki olaraq borc münasibətinin olduğunu öz izahatları ilə təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Cavabdeh 5000 manat məbləğində borc pul vermiş, qarşılığında isə Süleyman Elçin oğluna məxsus “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilmişdir. Yəni faktiki olaraq, qeyd olunan avtomobil Cavabdeh borcunun qarşılığında girov predmeti olmuşdur. Bundan başqa, məhkəmə iclasında İddiaçı izahatı ilə müəyyən edilmişdir ki, “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh qalıq borcunun məbləği 6386 manat təşkil etmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ödəməli olduğu 9400 manat pulun və ödənilmiş 113 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan borc pul istəmişdir. Bunun üçün cavabdeh dostuna məxsus avtomobili onun adına keçirməyi, borcu qaytaracağı və avtomobili yenidən dostunun adına keçirəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra, cavabdeh avtomobilin sahibi olan - dostu Süleyman Elçin oğlu ilə birlikdə gəlmiş, “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirmiş (alqı-satqı yolu ilə) və o, Cavabdeh 9400 manat pul vermişdir. Ülvi Mehrəliyev həmin məbləği 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş və bu barədə xx.xx.2020-ci il tarixli yazılı iltizam vermişdir. O da, etibar edib, həmin avtomobili əvvəlki sahibinə etibarnamə ilə idarə etməyə vermişdir. Lakin, bundan sonra Süleyman Elçin oğlu guya aldadıldığını bildirmiş və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası ilə ona qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə tərəfindən onun iddiası təmin edilmiş və alq-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Lakin, ondan qaytaracağı haqda yazılı öhdəlik götürdüyü pulu cavabdeh X3 geri qaytarmamışdır. Hal-hazırda da, dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınır. Beləliklə, cavabdeh aldığı 9400 manat pulu 12 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürsə də, bu günə kimi bir manat da ödəməmişdir. Cavabdehin hərəkətlərindən belə məlum olur ki, pulu vermək fikri də yoxdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq borc məbləği 9400 manat qeyd olunmuş, əslində isə öhdəlikdən göründüyü kimi, borc məbləği 8400 manatdır. Odur ki, cavabdeh X1 ödəməli olduğu 8400 manat pulun və ödənilmiş 113 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, cavabdeh X3 məhkəməyə ünvanladığı müraciətində, İddiaçı iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, o, İddiaçı ilə birlikdə "xxxx" şirkətində işləmişdir. İşlədikləri şirkətin fəaliyyəti avtomobillərin alqı-satqısı və girov müqabilində faizlə borc məbləğinin verilməsindən ibarətdir. X3 adlı şəxs 2020-ci ilin fevral ayında şirkətlərinə müraciət edərək, İddiaçı 5000 manat borc pul almış və 12 ay ərzində, hər ay 700 manat ödəməklə, cəmi 8400 manat pulu qaytarması barədə öhdəlik götürmüşdür. Həmin borc məbləğinin təminatı olaraq, Ülvi Mehrəliyev dostuna məxsus “Nissan Tiida” markalı avtomobili müvəqqəti olaraq İddiaçı adına rəsmiləşdirilməsini təklif etmişdir. Ülvi Mehrəliyevə borc pul onun iştirakı ilə İddiaçı tərəfindən verilmişdir. Bundan sonra, Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirilmiş alqısatqı müqaviləsinə əsasən, “Nissan Tiida” markalı avtomobil İddiaçı mülkiyyətinə keçirilmişdir. Sonradan, məhkəmə qətnaməsi əsasında həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunsa da, borc məbləği Ülvi Mehrəliyev tərəfindən qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Süleyman Elçin oğluna məxsus “Nissan Tiida” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi əsasında tanışı İddiaçı adına Baş Dövlət Yol Polisi İdarəsində rəsmiləşdirilməsində köməklik etmişdir. Bildiyinə görə, Ülvi Mehrəliyev adlı şəxs İddiaçı faizlə birlikdə 8400 manat pulu 12 ay ərzində qaytarmaq şərtilə, dostu Süleyman Elçin oğluna məxsus avtomobili müvəqqəti olaraq İddiaçı mülkiyyətinə keçirməklə, borc götürmüş, lakin hal-hazıradək borcunu qaytarmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər yaranmış, İddiaçı borc olaraq Ülvi Mehrəliyevə 5000 manat pul vermiş, sonuncu isə borcunu 12 ay müddətində hər ay 700 manat ödəməklə, ümumilikdə 8400 manat pulu qaytarmağı öz üzərinə götürmüşdür. Lakin, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, borcunu tam qaytarmamış və onun 6386 manat ödənilməmiş borcu qalmışdır. Həmin məbləğdə borcun qalması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6809/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6386 manat məbləğində pul və ödənilmiş 83,86 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6386 (altı min üç yüz səksən altı) manat pul və ödənilmiş 83,86 (səksən üç manat səksən altı qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-256/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-256/2023
04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver