Məhkəmə qərarları › İş №2(074)-273/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-273/2020

15.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-273/2020 15.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “dəymiş ziyanın ödənilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “dəymiş ziyanın ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan azyaşlı oğlu X8 tərəfindən ona yetirilmiş 5000 manat məbləğində maddi zərərin və iddia üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, İ Çaylı kəndində yaşayır. Təsərrüfatla məşğul olur. Heyvan qarasının qış yem tədarükünü yay aylarına etməklə qış mövsümünə öz hazırlığını görür. Bu məqsədlə iyuniyul aylarında 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi həyətindəki navesin (çardağın) altına yığmışdır. xx xxxx 2017-ci il tarixdə günorta saatlarında həyətindəki ot və küləşin yandığını görmüş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Eyni zamanda öyrənmişdir ki, ot tayası qonşusu Cavabdeh oğlunun azyaşlı oğlu Ayxan tərəfindən yandırılmışdır. Ayxan babası X2 yanında dindirilmiş və təsdiq etmişdir ki, həqiqətən də ot tayasını o yandırmışdır. Nəticədə 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi və həyətindəki naves yanaraq məhv olmuşdur. Ümumilikdə 5000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh öz növbəsində uşağının yetirdiyi maddi zərərin əvəzinin onun tərəfindən ödəniləcəyinə söz vermiş, lakin hadisədən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi dəymiş zərər ödənilməmişdir. Belə hesab edir ki, Cavabdeh ona dəymiş zərəri könüllü olaraq ödəmək fikiri yoxdur, müxtəlif bəhanələrlə bu işi yubadır. Həmin il heyvan qaranı qışdan çıxarmaq üçün baha qiymətlərlə ot, küləş almağa məcbur olmuşdur. Odur ki, Cavabdeh oğlundan azyaşlı oğlu X8 tərəfindən ona yetirilmiş 5000 manat məbləğində maddi zərərin və iddia üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçı tərəfindən irəli sürülən iddia tamamilə əsassızdır. Belə ki, Ayxan adlı uşağı var amma, o otu yandırmayıb. Uşaq o vaxt babasının yanında kartof yığımında olub. Eyni zamanda bildirir ki, heç bir etiraf etməmiş və etirafla bağlı polisə heç bir izahat verməmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 237875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh oğlu, anası X1r. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, araşdırma zamanı Şamaxı rayon İ Çaylı kəndində yaşayan X5 babası Səmidpaşa Səmədovun iştirakı ilə izahatı alınmış, o izahatında xx.xx.2017-ci il tarixdə saat 13:30 radələrində qonşuları İddiaçı mal damının yanından keçib gedərkən əlində olan kibrit qutusundakı çöplərdən yandırıb ata-ata evlərinə getdiyini, evə çatanda İddiaçı damının yandığını gördüyünü, ola bilsin ki, damın onun yandırıb atdığı kibrit dənələrindən yanmasını və onun ot tayasını qəsdən yandırmadığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2009-cu il təvəllüdlü olmaqla hal-hazırda İ Çaylı kənd orta məktəbinin 3-cü sinif şagirdidir. Odur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğını törətmiş X5 azyaşlı olmaqla cinayətin subyekti hesab edilmədiyindən xx xxxxxxxx 2017-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşfiq Səfərov tərəfindən tələb edilərək öyrənilmiş, materialın “Cinayətlər barədə ərizə və məlumatların uçotu” kitabında qeydə alınmaması, eləcə də hadisə ilə əlaqədar bir sıra xüsusatların əlavə olaraq tam və hərtərəfli araşdırılmaması qeyd olunaraq xx.xx.2017-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, və material əlavə araşdırılması üçün Şamaxı RPŞ-nin İB-nə qaytarılmışdır. Əlavə araşdırma zamanı Cavabdeh oğlu izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisi olmaqla yanaşı həm də qonşusudur. xx.xx.2017-ci il tarixdə o, Bakı şəhərində olmuş, bir heçə gün sonra kəndə gəldikdə eşitmişdir ki, qonşusu Hidayətin ot tayası yanıb. Belə ki, Rövşən ona yaxınlaşıb ot tayasının onun azyaşlı oğlu Ayxan tərəfindən yandırılmasını deyib. Ondan sonra o, Rövşənlə birlikdə kənd məscidinin axundu Gülpaşa İbrəhimovun yanına gedərək onun yanında o, Rövşənə söz vermişdir ki, imkanı olduqda Rövşənə maddi yardım edəcək. Lakin hal-hazıra kimi imkanı olmadığı üçün Rövşənə heç bir köməklik edə bilməyib. Araşdırma zamanı X4 izahatında kürəkəni Cavabdeh dediklərinə oxşar izahat verərək həmkəndlisi Rövşənin ot tayasının azyaşlı nəvəsi Ayxan tərəfindən yandırılması barədə eşitdiyini bildirmişdir. Araşdırma zamanı X3 izahatında həqiqətən də həmkəndliləri Cavabdeh və İddiaçı onun yanına gələrək Rövşənin ot tayasının Elşənin azyaşlı oğlu Ayxan tərəfindən yandırılması ilə əlaqədar onun yanında Elşənin imkanı olan kimi Rövşənə maddi köməklik edəcəyi barədə söz verdiyini və barışaraq oradan getdiklərini bildirmişdir. Beləliklə də baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğını törətmiş X5 azyaşlı olmaqla cinayətin subyekti hesab edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İ Çaylı Bələdiyyəsinin 27 saylı arayışından görünür ki, xx xxxx 2017-ci il tarixdə Şamaxı rayon İ Çaylı kənd sakini İddiaçı məxsus ot tayasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın nəticəsində İddiaçı 5000 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidməti Şamaxı rayon Dövlət yanğından Mühafizə hissəsinin xx xxxx 2017-ci il tarixli yanğın haqqında ilkin məlumat sənədindən görünür ki, Şamaxı rayon DYMK-nə yanğın məlumatı daxil olmuş dərhal hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili ilə 12 nəfər şəxsi heyət cəlb edilmiş, Şamaxı rayon Çaylı kənd sakini İddiaçı Qubad oğluna məxsus ot tayası yanmışdır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidməti Şamaxı rayon Dövlət yanğından Mühafizə hissəsinin yanğının hesabat vərəqəsi sənədindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı hadisə yerinin müayinəsindən və Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin verdiyi arayışa əsasən 5000 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbini ona məxsus 1000 ədəd bağlı otun, 600 ədəd bağlı küləşin və həyətindəki çardağın (navesin) cavabdehin oğlu Ayxan Ağakişiyevin törətdiyi yanğın nəticəsində məhv olması ilə əlaqədar ona iddia edilən miqdarda zərər dəyməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının həyətindəki çardağın (navesin), bağlı ot və küləş taylarının yanması nəticəsində iddiaçıya iddia edilən miqdarda zərər dəyməsi halını mübahisələndirməmiş, nəzarət etməyə borclu olduğu xx.xx.2009-cu il təvəllüdlü oğlunun yetirdiyi zərərin onun təqsiri üzündən yaranmadığına dair sübutu təqdim etməmiş, yanğının onun oğlu tərəfindən törədilməməsi əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə, cavabdehin mübahisələndirmədiyini nəzərə alaraq, həyətindəki çardağın (navesin), bağlı ot və küləş taylarının yanması nəticəsində ona 5000 manat məbləğində maddi zərər dəydiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Tərəflərin izahatlarının yanaşı yoxlanıldığı, Şamaxı rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin oğlu X5 yanğın hadisəsini törətdiyi müəyyən edilmiş, lakin azyaşlı olmaqla cinayətin subyekti hesab edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının, yanğın hadisəsini cavabdehin oğlu tərəfindən törədildiyinə dair bildirdiklərinin yanaşı yoxlanılmış Şamaxı rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan xx xxxxxx 2019-cu il tarixli qərarı ilə tamamlandığını nəzərə alaraq, xx xxxx 2017-ci il tarixdə iddiaçının həyətində baş vermiş yanğın hadisəsinin cavabdehin oğlu xx.xx.2009-cu il təvəllüdlü X8 tərəfindən törədildiyi nəticəsinə gəlir. Beləliklə işin araşdırılmış hallarından müəyyən olundu ki, cavabdehin oğlu xx.xx.2009-cu il təvəllüdlü X5 xx xxxx 2017-ci il tarixdə törətdiyi yanğın hadisəsi zamanı iddiaçıya 5000 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1103.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehin azyaşlı oğlunun törətdiyi yanğın hadisəsi nəticəsində əmlakından məhrum olmuş iddiaçıya 5000 manat maddi zərər dəyməsi təsdiq olunduğundan, cavabdeh azyaşlı oğlunun törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün məsuliyyət daşıdığından, bununla da yanğın hadisəsi baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli olduğundan, cavabdehdən maddi zərərin əvəzi üzrə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat alınaraq iddiaçıya verilməli, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb, iddiaçı Cavabdeh oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar