Məhkəmə qərarları › İş №2(074)-307/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-307/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-307/2021 05.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsi ilə qət edilmiş 75 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx xxxxxx 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay atası Cavabdeh 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2010-cu il tarixdə qeyrirəsmi şəkildə ailə həyatı qurmuş, birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə İlkin adlı bir oğlu anadan olmuşdur. Uşaq anadan olduqdan sonra cavabdeh onları atıb getmiş, rəsmi nikahları olmadığı üçün cavabdehə qarşı atalığın müəyyən olunması və aliment tələbi barədə iddia qalmış və Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək atalıq müəyyən edilməklə hər ay cavabdehdən 75 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hal-hazırda qeyd olunan aliment məbləği ilə uşağın saxlanılması çətindir. Heç bir yerdə işləmir və xəstə anasının himayəsində qalır. Uşaq böyüdükcə onun qayğıları da çoxalır. 75 manatla uşağın ehtiyaclarının ödənilməsi mümkün deyil. Cavabdeh isə Bakı şəhərində fərdi əməklə məşğul olur. Qazancı yaxşı ola-ola uşağına heç bir yardım etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, birgə nikahdan doğulmuş uşaq hal-hazırda üçüncü sinifdə oxuyur. Onun saxlanılması üçün isə məhkəmə tərəfindən 2012-ci ildə təyin olunmuş aliment hal-hazırda kifayət etmir. Buna görə də iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, o, yenidən ailə qurmuş və hal-hazırda iki uşağı vardır. Maddi imkanı olmadığı üçün aliment borcundan ödəmədə gecikmələr olmuş və borcu yaranmışdır. İşləyir və 250 manat maaş alır. Buna görə də cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı xx xxxxxx 2011-ci ildə doğulmuş X1 atasının Cavabdeh olmasının müəyyən olunması, xx xxxxxx 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay atası Cavabdeh 75 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 793458 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda isə İddiaçı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, valideynin az gəlir əldə etməsi və ya başqa uşaqlarının olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında da qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, artıq mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə də uşaqların saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(074)-156/2012 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar