Məhkəmə qərarları › İş №2(074)-313/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-313/2023

06.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-313/2023 06.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə aid əşyaların ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 2013-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. 2021-ci ilin iyun ayında cavabdeh onun oğlunu atıb, Bakı şəhərinə getmiş, üç gün sonra geri qayıtmışdır. Ruhi cəhətdən durumu yaxşı olmayan oğlu cavabdehin bu hərəkətindən əsəbləşərək, bıçaqla sonuncuya xəsarətlər yetirmişdir. Bundan sonra cavabdeh xəstəxanaya düşmüş və müəyyən vaxtdan sonra sağalıb evlərinə getmişdir. Həmin vaxtdan cavabdeh ona məxsus evdə yaşamır. Oğlu da Bakı şəhərində yerləşən ruhiəsəb dispanserində məcburi müalicədədir. Hazırda cavabdehin dəqiq olaraq yaşadığı ünvanı bilmirlər. Cavabdehin atası deyir ki, o adda qızı yoxdur və harada olduğunu da bilmirlər. O, qızlarının əmlakının ona məxsus evdən çıxarılmasını tələb etsə də, cavabdehin valideynləri ona deyir ki, “nə onun özü, nə də əmlakı onlara lazım deyil”. Hazırda o, istəmir ki, cavabdehin əmlakı onun evində qalsın. Onun evində cavabdehin aşağıdakı göstərilən əşyaları qalmaqdadır: paltar şifoneri 1 ədəd, taxt 1 ədəd, tumboçka 2 ədəd, aynabənd 1 ədəd, xalça sintetik 1 ədəd, kravat 1 ədəd, döşək 4 ədəd, yorğan 4 ədəd, balış 6 ədəd, nimdər 6 ədəd, adyal 2 ədəd, pakrıval 1 ədəd, qonaq dəsti 1 ədəd, aynabənd 1 ədəd, pərdə 3 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, miz stol dəst, gül qabı 1 ədəd, lüstr 1 ədəd, qazan dəsti, bədən dəsmalı 2 ədəd, podnos dəsti 2 ədəd, qənd qabı 4 ədəd, mətbəx mebel, soyuducu 1 ədəd, televizor 1 ədəd, çay dəsti, qəfədan 1 ədəd, xrustal bardaq 1 dəst, nahar servizi 1 dəst, paltar maşın 1 ədəd, vedrə 1 ədəd, vanna 1 ədəd. Məhkəmə iclasında iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, yataq otağında olan “aynabənd” kimi yazılmış əşya yataq dəstinin termosudur. Qonaq otağında olan əşyalar siyahısında göstərilən “qonaq dəsti qorka” qonaq dəsti kimi, “aynabənd” isə qonaq dəstinin termosu kimi göstərilməlidir. Miz-stol dəsti döş stolu 6 ədəd oturacaq ilə birlikdə, soyuducu “Dnepr” markalı soyuducu kimi, televizor isə “Sony” markalı televizor kimi göstərilməlidir. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Cavabdeh İddiaçı məxsus evdə yaşayıb, iki ilə yaxındır ki, həmin evdən çıxıb və cavabdehə aid əşyalar iddiaçıya məxsus evdə qalmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X7 şahid X1 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialında olan AZ-İ № 885641 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Comərdova Zümrüd Babaşah qızı arasında xx.xx.2013-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan Rayon, şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun Qeydəalma Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.1986-cı il tarixdə qeydə alınmışdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X6 ilə hazırki iş üzrə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, Cavabdeh İddiaçı evinə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini iki il əvvəl tərk edərək, orada yaşamır. Cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, özünə aid cehiz əşyalarını iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və hazırda qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində, iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış sahəsində cavabdehə məxsus əşyaların həmin yaşayış sahəsində qalması, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə aid iddia ərizəsində göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh aid yataq dəsti olan – 1 ədəd paltar şifoneri, 1 ədəd 2 nəfərlik taxt, 2 ədəd tumboçka, 1 ədəd termo, 1 ədəd çarpayı, qonaq dəsti olan – 1 ədəd qorka, 1 ədəd termo, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd masa, 6 ədəd oturacaq, mətbəx mebeli, 1 ədəd xalça, 4 ədəd döşək, 4 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd nimdər, 2 ədəd odeyal, 1 ədəd pokrıval, 3 ədəd pərdə, 1 ədəd gül qabı, 1 ədəd lüstr, 1 ədəd qazan dəsti, 2 ədəd bədən dəsmalı, 2 ədəd podnos dəsti, 4 ədəd qənd qabı, 1 ədəd “Dnepr” markalı soyuducu, 1 ədəd “Sony” markalı televizor, 1 ədəd çay dəsti, 1 ədəd qəfədan, 1 dəst xrustal bardaq, 1 dəst nahar servizi,1 ədəd paltar maşını, 1 ədəd vedrə, 1 ədəd vannadan ibarət əşyalar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar