Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-320/2021 11.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılmasına” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(074)-798/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat, özü isə uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxx 2020-ci il tarixdə Mədinə adlı qızı anadan olmuşdur. Cavabdehlə münasibətləri baş tutmadığından faktiki olaraq ayılmış, atasının evində yaşamağa başlamışdır. Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(074)-798/2020 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Mədinə xəstədir, hər ay onun müalicələrinə yeməyinə digər təlabatlarına 300 manatdan artıq pul xərclənir. Özü isə uşağa baxdığına görə işləmir. Uşağın xərclərini atasının qazancı hesabına ödəyir. O fərdi əməklə məşğuldur. Onların maddi ehtiyacları və öz evinin xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh isə könüllü olaraq pul vermir. Ona görə də Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırlması və uşağa işləmədiyi üçün onun 3 yaşına çatanadək saxlanılması üçün aliment təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, onlar cavabdehlə əmoğlu və əmiqızı olmuşlar. Məhkəmə tərəfindən təyin olunmuş 100 manat aliment uşağın xərclərinə kifayət etmir. Həmçinin uşağa qulluq etdiyi üçün və uşaq xəstə olduğu üçün işləyə bilmir. Həmçinin cavabdeh qeyd etdiyinin əksinə 250 manat deyil 600 manat maaş alır. Həmçinin uşağın xəstə olması isə tamamilə doğrudur. Belə ki, uşağın beynində təzyiq, göbəyində isə “qrija” vardır. Bu səbəbdən də müalicə alır. Buna görə də iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahat verib bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, onlar iddiaçı ilə hal-hazırda rəsmi nikahdadırlar. İddiaçı isə həmin nikaha xitam verilməsini istəmir. Boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermir. O, boşanmaq üçün məhkəməyə müraciət etsə də, iddiaçı buna razı olmadığı və uşaq hələ o zaman anadan olmadığı üçün boşanma baş tutmamışdır. İddiaçı ilə ayrılmaqlarının səbəbkarı elə iddiaçı və onun valideynləridir. Əgər iddiaçı onun evində qalsaydı o, həm iddiaçının, həm də qızının bütün xərclərini ödəməyə hazır idi. İddiaçı ondan ayrıldığı vaxta qədər onun bütün xərclərini, o cümlədən hamilə olarkən müalicə xərclərini o, ödəmişdir. Yəni iddiaçının iddia ərizəsində qeyd etdiyi uşağın xərclərini çəkməkdən heç vaxt imtina etməmişdir. İddiaçı uşağın anadan olmasından 20 gün keçməmiş məhkəmədə alimentin tutulması barədə iddia qaldırmış, hal-hazırda isə alimentin tutulması barədə məhkəmə qərarının qəbul edilməsindən 4 ay keçməmiş təkrar alimentin məbləğinin artırılması üçün iddia qaldırmışdır. Bu da onun tələbinin nə qədər haqsız və əsassız olduğunu göstərir. İddiaçının məqsədi uşağın saxlanma xərclərini tələb etmək yox, ona problem yaratmaqdır. Məhkəməni də bu niyyətinə alət etməyə çalışır. Nikaha xitam verilməmiş məhkəmə yolu ilə əşyalarını evdən aparmış, qızıl-zinət əşyalarını məhkəmə vasitəsi ilə almış, nikaha xitam verilməmiş aliment təyin edilmiş, indi isə nikaha xitam verilməmiş alimentin məbləğinin artırılmasını tələb edir. Bütün bunları nikaha xitam verilməsindən yayınaraq edirsə onun məqsədi aydın olur. İddiaçı əsassız və yalan olaraq qeyd edir ki, uşaq xəstədir. Uşağın yeməyinə və müalicəsinə 300 manatdan artıq pul xərclənir. Bu tamamilə yalandır. Belə ki, iddiaçı həm də onun əmisi qızı olduğundan o, hər şey barədə məlumatlıdır. Qohumları onu məlumatlandırır. Hal-hazırda uşaq sağlamdır, heç bir xəstəliyi yoxdur. Qidalanmağı isə ana südündən ibarətdir. Bundan əlavə hər ay 100 manat alimenti vaxtında ödəyir. Rayon yeri üçün 100 manat körpəyə artıqlaması ilə kifayət edir. Həmçinin o, uşaqla bağlı əlavə xərclərdə də iştirak etməkdən imtina etməmişdir. Alimenti vaxtında ödəməyinə baxmayaraq iddiaçı və onun valideynləri uşağını görməyimə imkan vermir. Həmçinin cavabdeh bildirdi ki, “xxxx” ASC-də fəhlə işləyir. Əmək haqqısı 250 manat təşkil edir. Buna görə də cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(074)-798/2020 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü və məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığını nəzərə nəzərə alaraq hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın “uşaq üç yaşına çatanadək cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, uşaq üç yaşına çatanadək ərdən aliment almaq üçün aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. İddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin uşaq üç yaşına çatanadək iddiaçıya iddiada qeyd olunan məbləğdə (100 manat) aliment vermək üçün zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən həhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılmasına” dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılmasına” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-320/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-320/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver