Məhkəmə qərarları › İş №2(074)-329/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-329/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-329/2020 11.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun avtomobilinə vurulmuş 1496 manat maddi ziyan və 30,40 manat məhkəmə ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, Cavabdeh xx.xx.2019-cu ildə idarə etdiyi avtomobilin üzərindəki taksi nişanı avadanlığı qoparaq onun idarə etdiyi avtomobilin qabaq şüşəsinə çırpılmışdır. Nəticədə avtomobilinə 1495 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh Bakı şəhərində müvəqqəti yaşadığına görə Binəqədi rayon məhkəməsi MPM-nin 35 maddəsin nəzərə alaraq iddia ərizəmə baxmamışdır. Cavabdeh Şamaxı rayon Qaleybuğurd kəndində yaşayır. Odur ki, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə ekspertiza keçirilməsinə etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qaradağ RPİ 10-cu Polis Bölməsinin arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə icraata vət. İddiaçı müraciəti daxil olmuş, vətəndaş müraciətində və izahatında qeyd edilmişdir ki, “Meyvəli” bazarın yaxınlığında Xocahəsən istiqamətindən idarə etdiyi avtomaşınla hərəkətdə olarkən qarşıda gedən avtomaşının üstündə olan taksi (şahmat) onun avtomaşının ön şüşəsinə dəyərək zədləmiş və həmin avtomaşının dayanmadığını görüb onun arxasınca düşərək Meyvəli bazarın yanında avtomaşını saxlatdırıb avtomaşının üstünə bərkidilmiş taksi işarəsi olan şahmatın onun avtomaşının şüşəsini sındırdığını dedikdə sürücü ona telefon nömrəsi verib sonra bu barədə danışarıq deyərək avtomaşını sürərərək çıxıb getdiyini və sonradan həmin şəxslə əlaqə saxladığını və şüşəni dəyişməyi öz aralarında danışdıqda 20-30 manat köməklik edə biləcəyini, lakin ön şüşənin 1200 manat qiyməti olduğundan bu qədər pul olmadığını qarşı tərəf bildiridiyi üçün bu barədə şikayət etiyini və avtomaşının şüşəsinin dəyişməsinə köməklik edilməsini xahiş etmişdir. Araşdırma zamanı vət. Cavabdeh izahatı alınmış eyni məzmunlu izahat verərək İddiaçı izahatını təsdiqləmişdir. Eyni zamanda qeyd edilən mübahisəli məsələ mülki xarakterli olduğundan bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi ilə bağlı vət. İddiaçı yaşadığı ünvana rəsmi məktub göndərilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Nissan Tida” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1495 manat müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1888 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Nissan Tida” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,00 manat müəyyən edilir. Keçirilmiş ekspertizanın xərci 100 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Meyvəli” bazarın yaxınlığında Xocahəsən istiqamətindən iddiaçı İddiaçı idarə etdiyi avtomaşınla hərəkətdə olarkən qarşıda gedən avtomaşının üstündə olan taksi (şahmat) onun avtomaşının ön şüşəsinə dəyərək zədləmiş və həmin avtomaşının dayanmadığını görüb onun arxasınca düşərək Meyvəli bazarın yanında avtomaşını saxlatdırıb avtomaşının üstünə bərkidilmiş taksi işarəsi olan şahmatın onun avtomaşının şüşəsini sındırdığını dedikdə sürücü ona telefon nömrəsi verib sonra bu barədə danışarıq deyərək avtomaşını sürərərək çıxıb getdiyini və sonradan həmin şəxslə əlaqə saxladığını və şüşəni dəyişməyi öz aralarında danışdıqda 20-30 manat köməklik edə biləcəyini bildirmişdir. Qaradağ RPİ 10-cu Polis Bölməsində izahatı alınmış Cavabdeh iddiaçı ilə eyni məzmunlu izahat verərək İddiaçı izahatını təsdiqləmişdir. İddiaçı 1496 manat məbləğində pulun cavabdehdən özünün xeyrinə tutulmasını tələb etmiş, tələbini maşında yaranmış nasazlıqların aradan qaldırılması üçün həmin məbləğdə pul vəsaitinin tələb olunması ilə əsaslandırsa da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1888 saylı ekspert ekspert rəyi ilə 2008-ci il buraxılışlı “Nissan Tida” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 750 manat olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin qiymətləndirmə sahəsində xüsusi biliyinin olmasını nəzərə alaraq həmin rəylə razılaşır və avtomobilin təmir-bərpa xərcinin və müvafiq olaraq iddiaçıya dəyən real zərərin 750 manat olduğunu işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına və iş üzrə toplanmış sübulara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin avtomobilini istismara yararsız vəziyyətə salması nəticəsində iddiaçıya yalnız 750 manat zərər dəydiyi təsdiq olunduğundan, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdeh isə avtomobili istismara yararsız vəziyyətə salmasa idi mövcud olacaq vəziyyəti bərpa etməli olduğudan, zərərin əvəzi ondan iddiaçının xeyrinə tutulmalı, iddia tələbi real zərərin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertə verilməli olan məbləğ cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən ttəmin edilsin. Cavabdeh İddiaçı məxsus 2008-ci il buraxılışlı “Nissan Tida” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş olduğu 750 manat zərərin əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh keçirilmiş ekspertizaların dəyəri 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar