Məhkəmə qərarları › İş №2(074)-350/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-350/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-350/2023 30.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-798/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2020-ci il tarixdə Mədinə adlı övladları doğulmuşdur. Cavabdeh ilə münasibətləri baş tutmadığından, aralarındakı nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-134/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Qızı Mədinə onun yanında yaşayır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-798/2020 saylı qətnaməsi ilə cavabdeh X2 xx.xx.2020-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Qızı Mədinə xəstədir, hər ay onun müalicələrinə, yeməyinə, digər təlabatlarına 300 manatdan artıq pul xərcləyir. Özü uşağa baxdığına görə işləmir. Uşağın xərclərini atasının qazancı hesabına ödəyir. Onların maddi ehtiyacları və öz evinin xərclərini ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəmə qərarı ilə təyin olunmuş 100 manat alimenti o, hər ay vaxtlı-vaxtında ödəyir. O, şirkətdə fəhlə işləyir və əmək haqqısı 345 manat təşkil edir. Bir ilə yaxın müddətdir ki, yenidən ailə qurmuş və ailə xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Lakin, gəlirində artım çox cüzi olmuşdur. Göstərilənlərə əsasən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-798/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X2 xx.xx.2020-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatadək saxlanması üçün, hər ay 100 manat sabit pul məbləğində aliment alınıb, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 100 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə, onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-798/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdülü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar