Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-351/2023 18.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin faktiki halları: SMK-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, borcverən - Bank "xxxx" ASC 130.000 manat məbləğində krediti illik 23 faizlə, 6 ay müddətinə borcalan - "xxxx" MMC-nin mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti, ona hesablanmış faizlərlə birlikdə borcverənə qaytarılmasını öhdəsinə götürür. SMKZ-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin - Mehdiyev Ucal Elxan oğlu kredit xətti müqaviləsi üzrə borcalan - "xxxx" MMC-nin öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. SMKG-00015-05/20A nömrəli, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan - İddiaçı kredit xətti müqaviləsi üzrə borcalan - "xxxx" MMC-nin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, ipoteka qoyanın mülkiyyətində olan ünvan 3ni ipoteka saxlayana ipoteka qoyur. Bank "xxxx" ASC-nin borcalana, zaminə və ipoteka qoyana ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə kredit xətti müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə bağlanmış kredit müqaviləsinin ləğv olunması və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə əlaqədar, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində ünvan 3nə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı göstərilmişdir. İcra qeydinin aparılacağı ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə borcalana, zaminə və ipotekaqoyana göndərilmiş və xx.xx.2022-ci il tarixdə ipotekaqoyanın ünvanında “Vəliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Bank "xxxx" ASCnin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 133,9 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldilməli, SMK-00015-05/20A nömrəli müqavilə üzrə ödənilməmiş 97708,39 manat borc, 4369,03 manat cərimə və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 102102,42 manat pul "xxxx" MMC və İddiaçı tutularaq, Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-11479 saylı icra qeydinə əsasən, ünvan 4i ünvanında yerləşən ”Kaspian Groop LTD” MMC-dən və ondan 97708,39 manat borc, 4369,03 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 102102,42 manat pul tutulmalıdır. Bank tərəfindən borcun tutulması haqqında icra qeydinin verilməsi ilə əlaqədar, notariat ofisinə müraciət edilməsi barədə xəbərdar edilməmişdir. Eyni zamanda, bank tərəfindən şişirdilmiş borc məbləğinin ondan tutulması tələb olunur. Ona görə də, hesab edir ki, icra qeydinin ləğvi haqqında iddiası əsaslıdır. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin notariusu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, mülki işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin notariusu Orxan Ağayev məhkəməyə ünvanladığı müraciətində, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin, Bank "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı müraciətində göstərmişdir ki, Bank "xxxx" ASC-nin Promo filialı ilə imzalanmış xx.xx.2020-ci tarixli, SMK- 00015-05/20A saylı Kredit Xətti müqaviləsinə əsasən, Borcalan "xxxx" MMC-yə illik 23% faiz hesablanmaqla, 6 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir. Bank "xxxx" ASC-nin Promo filialı ilə imzalanmış xx.xx.2020-ci il tarixli, SMKZ-00015-05/20A saylı zaminlik müqaviləsinə əsasən, Mehdiyev Ucal Elxan oğlu xx.xx.2020-ci tarixli, SMK-00015-05/20A saylı kredit müqaviləsinə əsasən, borcalan "Kaspian Groop LTD” MMC-nin kreditinə zamin durmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində, Bank "xxxx" ASC ilə imzalanmış xx.xx.2020-ci il tarixli, SMKG-00015-05/20A saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640T ünvanında yerləşən əmlak Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinə əsasən, yüklülük AR ƏMDK yanında DƏDRX xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********59-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci tarixli, SMK-00015-05/20A saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 87380,5 manat, faiz borcu 10327,89 manat, dəbbə borcu 4369,025 manat, cəmi borc 102077,415 manat təşkil etmişdir. Borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi, əks halda icra qeydinin aparılacağı ilə bağlı borclu, ipoteka qoyan və zaminə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. Həmin bildiriş İddiaçı xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Qeyd olunanlar iddia tələbinin əsassız olmasını təsdiq edir. Odur ki, iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının Bank "xxxx" ASCnin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, "xxxx" MMC kredit xətti müqaviləsinə əsasən, Bank "xxxx" ASC-dən illik 23 faizlə, 6 ay müddətinə 130.000 manat məbləğində kredit almış və Mehdiyev Ucal Elxan oğlu zaminlik müqaviləsinə əsasən, kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, İddiaçı ipoteka müqaviləsinə əsasən, kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, mülkiyyətində olan ünvan 3ni ipoteka saxlayana ipoteka qoymuşdur. Bununla da, bağlanmış müqavilələr üzrə tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən edilmişdir. Notarius tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, kredit müqaviləsi üzrə borc öhdəliyinə görə məsuliyyəti olmayan, yalnız mülkiyyətində olan əmlakın ipoteka saxlayana ipoteka qoyulması öhdəliyini götürən İddiaçı və borcalan "xxxx" MMC-dən yaranmış borc məbləğinin tutulması göstərilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə və lazımi qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş zamin Mehdiyev Ucal Elxan oğlunun adı isə borclu qismində icra qeydində ümumiyyətlə göstərilməmişdir. Məhkəmə hesab edir ki, notarius kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin İddiaçı tutulması barədə icra qeydini aparmaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun reyestrdə 8İ-11479 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-351/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-351/2023
18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver