Məhkəmə qərarları › İş №2(074)-36/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-36/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-36/2021 08.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi üzrə 12150,05 manat əsas, 2240,09 manat faiz və 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 26 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2019-cu il tarixə Cavabdeh1 banka xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi üzrə 12150,05 manat əsas, 2240,09 manat faiz və 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, o, bankdan 15000 manat məbləğində kredit götürmüş, həmin kreditdən 7000-8000 manatını ödəmişdir. Bankla onun arasında yenidən müqavilə imzalanmışdır. Faiz və cərimə məbləği kifayət qədər yüksək hesablanmışdır. Buna görə də cavabdeh faiz məbləğinin azaldılmasını və cərimənin silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, bankla Cavabdeh1 arasında yeni müqavilə imzalanmışdır. O həmin müqavilə imzalandığı zaman orada olmamış, həmçinin bank bu müddətdən 3 il keçdikdə sonra məhkəməyə müraciət etmişdir. Buna görə də cavabdeh iş üzrə ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 36 ay müddətinə illik 26 faizlə 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003/b saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 15000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 15000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı əlavə razılıqdan görünür ki, kreditor tərəfindən borcalana 1329,43 manat məbləğində əlavə kredit ayrılmışdır. Bununla da kreditin ümumi məbləği 12900,97 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19/4192 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)866/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 05/466 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 108.LN.2102.230714.00003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx xxxx 2017-ci il tarixə 12150,05 manat əsas, 2240,09 manat faiz, 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/192 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixə İddiaçı ASC-yə 12150,05 manat əsas, 2240,09 manat faiz olmaqla, 14390,14 manat borcu vardır. Aparılan tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında xx.xx.2017-ci il tarixə 12150,05 manat əsas, 2240,09 manat faiz, 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat borcu vardır. Cavabdehin əsas və faiz borcu iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə öz təsdiqini tapmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, Cavabdeh1 isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər kredit müqaviləsi üzrə zamin olmuş Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər kredit müqaviləsi üzrə zamin olmuş Cavabdeh2 və Cavabdeh3 aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və keçirilmiş ekspertizanın xərci Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 145 manat ekspertiza xərci Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 12150,05 manat əsas, 2240,09 manat faiz, 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 12150,05 manat əsas, 2240,09 manat faiz, 36,28 manat cərimə olmaqla, cəmi 14426,42 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar