Məhkəmə qərarları › İş №2(074)-363/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-363/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-363/2021 22.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 214 ABŞ dolları olmaqla, 84 ABŞ dolları əsas, 11 ABŞ dolları faiz, 105 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 108.LN.2102.110815.00001 №-li, 11 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təmir tikinti məqsədi ilə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2016-cı il tarixli 108.LN.2102.110815.00001 nömrəli kredit müqaviləsinin 1 saylı əlavə razılığına əsasən kreditor tərəfindən borcalana 123,49 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 30,52 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və bununla da kreditin ümumi məbləği 1561,67 ABŞ dolları məbləğinə çatdırılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 11 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********008 saylı 02.10.2020ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 30.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 214 ABŞ dolları təşkil edir. Bundan 84 ABŞ dolları əsas, 11 ABŞ dolları faiz, 105 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14 (on dörd) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, o, bankdan kredit götürən zaman ABŞ dollarının məzənnəsi 1.05 manat olmasına baxmayaraq o, banka olan ödənişlərini 1.7 manatla ödəmişdir. Buna görə də faiz və cərimə borclarının silinməsini xahiş edir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 avqust 2015-ci il tarixli 108.LN.2102.110815.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 11 avqust 2015-ci il tarixli 108.LN.2102.110815.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 11 avqust 2015-ci il tarixli 108.LN.2102.110815.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 2000 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 108.LN.2102.110815.00001 saylı kredit müqaviləsinə 22.02.2016-cı il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, kreditor borcalana 123,49 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 30,52 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və bununla da kreditin ümumi məbləği 1561,67 ABŞ dolları məbləğinə çatdırılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2- 3(103)132/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan 02.10.2020-ci il tarixli **********008 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 11 avqust 2015ci il tarixli 108.LN.2102.110815.00001 saylı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 07.12.2020-ci il tarixli **********057 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 11 avqust 2015-ci il tarixli 108.LN.2102.110815.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 30 noyabr 2020-ci il tarixə cəmi 214 ABŞ dolları olmaqla, 84 ABŞ dolları əsas, 11 ABŞ dolları faiz, 105 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan 02.03.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, Cavabdeh1 isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 105 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia üzrə tələb edilən borcun xarici valyuta ilə tələbini araşdıraraq hesab edir ki, ödəniləcək məbləğ qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmalıdır. Belə ki, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 105 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) olmaqla, 84 ABŞ dolları əsas, 11 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 105 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) olmaqla, 84 ABŞ dolları əsas, 11 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar