Məhkəmə qərarları › İş №2(074)-392/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-392/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-392/2021 17.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı Kredit müqaviləsi və KN-00001590 Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 3,766,55 ABŞ dolları məbləğində əsas məbləğ üzrə borcu, 2,361,74 ABŞ dolları faiz borcu və 55,24 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 6,183,53 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) adasında 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “İnvestisiya” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 2.42 %, illik 29 % olmaqla 5000 (beş min) ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə KN-00001590 saylı Zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMC ilə cavabdehlər arasında 23.11.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti 30.12.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən əsas məbləğ üzrə 1,233,45 ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2,061,01 ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 598,26 ABŞ dolları olmaqla cəmi 3,892,72 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 3,766,55 ABŞ dolları əsas məbləğ üzrə borcu 2,361,74 ABŞ dolları faiz borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərə (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsəsən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 54,24 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, rəqəmlər şişirdilib. Buna görədə məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 24 ay müddətinə, aylıq 2.42 %, illik 29 % olmaqla 5000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 06.04.2015-ci il tarixli KN-00001590 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.07.2021-ci il tarixli № 9/3691 saylı ekspert rəyindən görünür ki, 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı kredit müqaviləsində qeyd olunan şərtlər əsas götürülməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 30.12.2020-ci il tarixə əsas borc üzrə 4420,06 ABŞ dolları, faiz borcu üzrə 1276,23 ABŞ dolları, cərimə borcu üzrə 198,41 ABŞ dolları borcu vardır. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan 01.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X1 06.04.2015-ci il tarixli, L-KN-0036266-F saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 3,766,55 ABŞ dolları əsas, 2,361,74 ABŞ dolları manat faiz, 55,24 ABŞ dolları cərimə olmaqla, cəmi 6,183,53 ABŞ dolları borcu vardır. İş materiallarında olan 19.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 100 manat da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3,766,55 ABŞ dolları əsas, 1276,23 ABŞ dolları faiz, 55,24 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) olmaqla, cəmi 5,098,02 ABŞ dolları pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar