Məhkəmə qərarları › İş №2(074)-403/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-403/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-403/2023 04.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(074)-886/2019 saylı qətnamə ilə təyin edilmiş 110 manat sabit pul məbləğində alimentin miqdarının atrtırılaraq, hər ay Cavabdeh 08 iyun 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 250 manat alimentin və bundan əlavə Nihadın müalicəsi üçün Cavabdeh hər ay 100 manat maddi yardımın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Şamaxı rayon, Qaravəlli kənd sakini Cavabdeh ilə ailə qurmuşlar. 08 iyun 2009-cu il tarixdə onların Nihad adlı uşaqları andan olmumdur. Altayla xasiyyətləri düz gəlmədiyindən Altayla ər-arvad münasibətlərini kəsmişlər və ayrı yaşayırlar. Övladı Nihad həmin vaxtdan da onunla Qobustan şəhərində yaşayan anasına məxsus evdə yaşayır. Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(074)-886/2019 saylı qətnaməsi ilə Nihadın yetkinlik yaşına çatanadək saxlanılması üçün Altaydan hər ay 110 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin Nihad yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən cidddi davranış pozuntusu F70.1, nitq inkişafın spesfik pozuntusu F80.0 diaqnozu ilə xəstədir və onun mütamadi olaraq müalicəyə ehtiyacı vardır. Nihadın saxlanılmasına və müalicəsinə çox pul tələb olunduğundan onun buna maddi imkanı çatmır, Altay isə Nihadla heç maraqlanmır. Ona görə də alimentin miqdarının artırılmasını və Nihadın müalicəsinə Altay tərəfindən köməklik göstərilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahat verib bildirdi ki, İddiaçı özü işləyir, o isə işləmir. İmkanı 110 manatı ödəməyə güclə çatır. Hazırda aliment borcu da yoxdur. Alimentin artırılmasını istəmir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(074)-886/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli 2(074)-617/2014 saylı qətnaməsi ilə qət edilmiş alimetin miqdarı artırılaraq və Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək sxalanamsı üçün hər ay 110 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 05/Q-65/69 saylı arayışdan görünür ki , X3 xx.xx.2009-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 10823 saylı arayışından görünür ki, X2 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu ilə qeydiyyatdadır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 110 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşaqlarını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(074)-886/2019 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar