Məhkəmə qərarları › İş №2(074)-406/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-406/2023

19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-406/2023 19.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmlakına vurduğu maddi ziyanın əvəzi kimi dağıtdığı hasar üçün 500 manat, məhv etdiyi əkin-biçin üçün 100 manat və ona dəymiş mənəvi zərər üçün isə 400 manat olmaqla, ümumilikdə dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinin təmin olunması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu, Göylər kəndində fərdi yaşayış evi var. Qonşuluğunda yaşayan Cavabdeh şikayətçidir. Aralarında yaranmış mübahisə odur ki, cavabdeh, onun həyatyanı sahəsində hasarını dağıdıb və aşırmışdır. Onun öyrəndiyinə görə cavabdehin anası X4 da bu işdə cavabdehə kömək etmiş və həm də dəstək verir. Bununla bərabər Cavabdeh onun əkin-biçininə ziyan vuraraq oranı zibilxanaya döndərmişdir. O, etirazını bildirəndə cavabdeh dəfələrlə onu ağır söyüşlərlə təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Mübahisə zamanı görüb ki, cavabdeh əksər hallarda öz anasını qızışdırıb onun üstünə salır və onlar birlikdə qışqıra-qışqıra onu erməni oğlu erməni adlandırırlar. Cavabdehin özü dəfələrlə ona hədə qorxu gəlmiş və istədiyi kimi ona ziyanlıq vurmaqda davam edəcəyini bildirmişdir. Cavabdeh bir qonşu kimi ona xeyli maddi və mənəvi ziyan vurmuşdur. Onun ziyanın məbləğini Cavabdeh dağıtdığı hasar üçün 500 manat, məhv etdiyi əkin-biçin üçün 100 manat, onun özünə vurduğu mənəvi ziyanlığ üçün isə 400 manat olmaqla cəmi 1000 manat məbləğində qiymətləndirir. O, istəyir ki, cavabdeh bu məbləği ona ödəsin və həmdə birdəfəlik ondan uzaq olsun. Zibilxanaya çevirdiyi ona məxsus ərazini təmizləsinlər və uçurub dağıtdığı hasarını da düzəltsinlər, yaxud da qeyd etdiyi ümumilikdə 1000 manat maddi və mənəvi ziyanı ona ödəsin, belə halda dəymiş ziyanı özü həll edər. Dəfələrlə cavabdeh Rauf Məmmədovu və həm də onun anasını sülh yolu ilə bu problemi həll etməyə çağırsa da müraciətinə məhəl qoyulmamışdır. Ona görə də əvvəlcə Şamaxı rayon Polis Şöbəsinə şikayət edib. Şamaxı rayon Polis Şöbəsindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda yazılmışdır ki, şikayəti üzrə Polis Orqanı tərəfindən araşdırılmış və göstərilən xüsusatlarda cinayət hadisəsi və inzibati xəta tərkibi olmadığından, həmçinin qeyd edilən məsələ mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Rüstəmova (Məmmədova) Gülsuma Rustam qızının da mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Raulda anası ilə onunla qonşuluqda eyni evdə yaşayırlar. Onların həyətlərinə atdığı zibillərə görə onun hasarı uçmuşdur. Bu barədə hər dəfə onlara bildirdikdə isə onu təhqir etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,iddiaçının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 999,36 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 oktyabr 2023-cü il tarixli **********77 saylı məktubundan görünür ki, Cavabdeh və Məmmədova (Rüstəmova) Gülsuma Rüstam qızının adına Şamaxı rayonunun Göylər kəndində 0.46 ha, 1.16 ha, 0.3396 ha, və 0.65 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/5027 saylı ekspert rəyindən görünür ki, baxış zamanı və mülki iş materiallarında olan məlumatlardan İddiaçı məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən fərdi yaşayış evinin hasarının uçması səbəbini dəqiqlikdə müəyyən etmək mümkün olmadı. Həmçinin ekspert tərəfindən qeyd olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin relyef baxımından cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən nisbətən aşağıda yerləşdiyini, yəni iddiaçı tərəfdən hasara baxdıqda hasarın 8 daş hündürlüyündə, cavabdeh tərəfindən baxdıqda isə 4 daş hündürlüyündə olduğunu, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçı ilə sərhəddinə yaxın hissələrdə məişət tullantılarının olduğunu və hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi istiqamətinə aşdığını nəzərə alaraq, yuxarıda qeyd olunan təsirlər zamanla hasarın dayanıqlılığına təsir göstərərək onun aşmasına səbəb ola bilər. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Şamaxı rayonu, Göylər kəndində yerləşən hasarın uçmuş hissəsinin yenidən inşası üçün görülməli işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 538,2 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər qonşu olmaqla Şamaxı rayonunun Göylər kəndində yaşayırlar. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi relyef baxımından cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən nisbətən aşağıda yerləşir, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçı ilə sərhəddinə yaxın hissələrdə məişət tullantıları atılmış və iddiçı və cavabdehlərin torpaq sahələrini ayıran hasar iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi istiqamətinə aşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mülki işdən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdehlər Cavabdeh və X2 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, yəni cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçı ilə sərhəddinə yaxın hissələrdə məişət tullantılarının atılması və iddiçı və cavabdehlərin torpaq sahələrini ayıran hasar iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi istiqamətinə aşması zərərlə nəticə arasında səbəbli əlaqənin olduğunu sübuta yetirir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hasarının uçması tərəflərin izahatları və iş materialları ilə subuta yetsə də, iddiaçının əkin biçin sahəsinin məhv edilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehlərin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi hər cavabdehlərdən 100 (yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziayana görə 500 manat pul və mənəvi zərərin əvəzi olaraq 100 manat pul, ümumilikdə 600 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh və X1 iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh və X1 vurulmuş maddi ziyana görə 500 manat pul və mənəvi zərərin əvəzi olaraq 100 manat pul, ümumilikdə 600 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh və X1 50 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar