Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-409/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 07 noyabr 2007-ci il təvəllüdlü X3 və 26 iyun 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat miqdarında müəyyən olunmuş alimentin artırılaraq hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 17 iyun 2001-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşlar. 09 mart 2019-cu il tarixdə nikahları Şamaxı rayon məhkəməsində ləğv olunmuş, üç nəfər yetkinlik yaşına çatmayan uşaqları onun tərbiyəsində saxlanmaqla hər biri üçün hər ay 90 manat sabit pul məbləğinin cavabdehdən alınaraq ona verilməsi qət olunmuşdur. Həmin vaxtdan üç uşaq üçün hər ay 270 manat aliment almışdır. 2020-ci ilin avqustunda böyük oğlu Elşadın 18 yaşı tamam olmuş və ona verilən 90 manat aliment kəsilmişdir. İndi cəmisi 180 manat aliment alır. Eİşad hazırda Ali məktəbdə oxuyur. Aldığı 180 manat isə iki uşağının yeməyinə çatmır. Hazırda bir uşağın saxlanması üçün Respublika üzrə minimum istelak səbəti 190 manatdır. Cavabdeh də pis qazanmır. Usta işləyir, bənnaliq edir, dülgərlik edir, rəngsazlıq və suvaq işlərini də görür. Əlavə artezian quyu vurur, su çıxarır. Hər ay hər uşağa görə uşağa 100 manat əlavə aliment verməyə imkanı var. O könüllü olaraq bunu etmək istəmir. Mediasiyaya müraciət edib. Bir nəticəsi olmayıb. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, hər ay hər uşağa görə 100 manatdan artıq pul ödəyə bilməcək. Çünki işləyərkən ayağı sındığından hazırda işləyə bilmir. Buna görə də alimentin miqdarının hər uşağa görə 100 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə prosses iştiraklarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(074)-436/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 09 fevral 2018-ci il tarixdən başlayaraq 31 avqust 2002-ci il təvəllüdlü X6, 07 noyabr 2007-ci il təvəllüdlü X4 və 26 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 315083 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03.04.2019-cu il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 112531 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 avqust 2002-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 017950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 noyabr 2007-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 002411 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 iyun 2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan arayışdan görünür ki, X2 fakültəsinin 3-cü kurs 209a3 qrupun tələbəsidir.İnşaat mühəndisliyi ixtisası üzrə əyani şöbədə dövlət hesabına təhsil alır. İş materiallarında olan ******* saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Cavabdeh sağ balda sümüklərinin orta 1/3-nin qəlpəli yerdəyişmiş qapalı sınıq diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay hər uşağa 90 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(074)-436/2018 saylı, qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 07 noyabr 2007-ci il təvəllüdlü X3 və 26 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-409/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-409/2022
21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver