Məhkəmə qərarları › İş №2(074)-43/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-43/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-43/2021 26.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsinin və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavənin ləğv edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 89276,23 manat əsas kredit borcu, 39244,74 manat faiz borcu, 6955,68 manat cərimə borcunun, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manatın, xidmət haqqı kimi ödənilmiş 20 manatın, cəmi 135536,65 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 135536,65 manat pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin Cavabdeh2 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı 14.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün 84 ay müddətinə, 14.03.2023-cü ilədək qaytarmaq və illik 9 % ödəmək şərti ilə 58000 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron rayon 1 saylı NK-da 14.03.2016-cı ildə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonunun Masazır kəndində yerlşən 0,021 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın əri Cavabdeh1 torpaq sahəsinin ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ 17.03.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinə 04.08.2016-cı il tarixli 1 №-li əlavəyə əsasən borcalanın bu tarixə olan 55983,09 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 89276,23 manat və kredit faizi 14% müəyyən edilmişdir. 04.08.2016-cı ildə Abşeron rayon 1 saylı NK-da ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuş və 10.08.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Cavabdeh1 ipoteka müqaviləsinə dəyişiklik olunmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 24.01.2020-ci il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 89276,33 manat, faizlər üzrə 39244,74 manat, cərimə üzrə 6955,68 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və ipoteka predmetinə likvid qiymət müəyyən olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, onun evi hələ tam şəkildə tikilib hazır olmayıb. Ekspertizada şəkilən onun dostunun evinin şəkilləridir. Ekspert tərəfindən onun evinə baxmaq üçün ona zəng edilsə də o, getməmişdir. Odur ki, vaxt verilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün 84 ay müddətinə, 14.03.2023-cü ilədək qaytarmaq və illik 9 % ödəmək şərti ilə 58000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 14.03.2016-cı il tarixli № FJB**********950 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən 58000 ABŞ dolları məbləğində krediti qəbul etmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli 040HOME51466501-i saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində gələcəkdə tikiləcək daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışının surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi tam pay üzrə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ № 030460 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 arasındakı nikah 13.01.2004-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.01.2004-cü il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Bəbirli”, arvada “Bəbirli” soyadı verilmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 ərizə verərək Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinin ipoteka qoyulmasına heç bir etirazının olmadığını bildirmiş, həmçinin ipoteka qoyulan əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 04.08.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə müraciət edərək 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi üzrə ona verilmiş 58000 ABŞ dolları valyutasında olan kreditinin konvertasiya gününə olan 55983,09 ABŞ dolları məbləğində qalıq əsas borcunun AZN valyutasına konvertasiya edilməsini və müvafiq əlavənin onunla imzalanmasını xahiş etmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsinə 04.08.2016-cı il tarixli 1 saylı əlavədən görünür ki, 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi üzrə 55983,09 ABŞ dolları məbləğində borc qalığı 1,5947 kursa uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 89276,23 manat və kredit faizi 14% müəyyən edilmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli 040HOME51466501-i saylı ipoteka müqaviləsinə 04.08.2016-cı il tarixli 1 saylı əlavədən görünür ki, ipoteka müqaviləsinə 14.03.2016cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi üzrə faizin 9 faizdən 14 faizə, valyutanın isə ABŞ dollarından AZN-nə dəyişdirilməsi əlavə edilmişdir. İş materiallarında olan 04.08.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 ərizə verərək Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinin ipoteka qoyulmasına, ipotekaya əlavə edilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmçinin ipoteka qoyulan əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi 14.03.2016-cı il tarixli 040HOME51466501-i saylı ipoteka müqaviləsinə 04.08.2016-cı il tarixli 1 saylı əlavə üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23.01.2020-ci il tarixli 040/063 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh2 iddiaçı tərəfindən banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ASC-yə ünvanladığı məktubdan görünür ki, İddiaçı ASC-nin 20.02.2020-ci il tarixli ********** saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə idarəyə daxil olmuş, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən **********52 reyestr nömrəli torpaq sahəsi üzərində tutumanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan portaldan çıxarışlardan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 24.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 89276,23 manat əsas, 39244,74 manat faiz, 6955,68 manat cərimə olmaqla, cəmi 135476,65 manat borcu vardır. İş materiallarında olan 28.02.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2020-ci il tarixli № 9/2719 saylı ekspert rəyindən görünür ki, 14.03.2016-cı il tarixli 040HOME51466501 saylı kredit müqaviləsi və əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı ASC-yə 24.01.2020-ci il tarixə 89276,23 manat əsas, 39244,74 manat faiz borcu vardır. Ekspertiza xərci 150 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 22.01.2021-ci il tarixli № 11 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 75000 manat, likvid qiyməti isə 68000 manat təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6955,68 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, 11 saylı rəydən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki dövrə olan bazar qiyməti 75000 manat, likvid qiyməti isə 68000 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində onun boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, eləcə də ipoteka predmeti olan mənzildə Cavabdeh1 başqa digər şəxslərin faktiki yaşamaları barədə sübutlar məhkəməyə təqdim olunmadığından və Cavabdeh1 isə ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda əmlakı şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyündən iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində cavabdehlər həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh2 iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu Cavabdeh2 alınmaqla yanaşı, ondan iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan ümumilikdə 350 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməli və buna görə də cavabdehdən alınaraq müvafiq ekspertiza qurumlarının hesablarına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə ləğv edilməli, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 89276,23 manat əsas, 39244,74 manat, 50 manat cərimə borcu, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 128630,97 manat borc tutulmalı, tutma ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına 128630,97 manat borc İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılmalı, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə ləğv edilsin. Cavabdeh2 89276,23 manat əsas, 39244,74 manat, 50 manat cərimə borcu, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 128630,97 manat borc alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan pul hesabına 128630,97 manat borc İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulsun. İpoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 200 manat məbləğində ekspertiza xərci alınıb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllə, VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, kod 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X m/h Az37NABZ******************** hesaba köçürülsün. Cavabdeh2 150 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar