Məhkəmə qərarları › İş №2(074)-430/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-430/2024

04.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-430/2024 04.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hüquqi faktın müəyyən edilməsi və borcun əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobilinin Cavabdeh məxsus olması hüquqi faktının məhkəmə qaydasında müəyyən edilməsi və Cavabdeh ona olan 9552 manat borcunun “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” nömrəli dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məsələdə dələduzluq faktı var. Belə ki, o, yük maşını satmaq istəyərkən cavabdeh ona “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobilini və əlavə pul təklif edib. Əgər maşının onun deyildirsə Şərif ona necə həmin maşını təklif edirdi. Yaxudda onun “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobil Asif Cəlilova məxsus olmuşdursa onun Asifla heç bir alış-verişi olmayıb ki, Asif ona pulun əvəzinə həmin avtomobili versin. Şərif ona “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobilin verilməsini deyəndə Asif heç bir etiraz etməyib. Həmçinin cavabdehdən məhkəmə qətnaməsi ilə onun xeyrinə pul tutulsa da həmin pul ödənilmir. Buna görə də borc “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobilə yönəldilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hüquqi faktın müəyyən edilməsi və borcun əmlaka yönəldilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi hər hansısa bir şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə mülki mühakimə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd qeydiyyat şəhadətnaməsidir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında və iddiaçı ilə X2 arasında olan mübahisələr üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, “Mercedes Benz 320 CDİ” markalı “**-SA-***” dövlət nömrə nişanlı minik avtomobil X1 məxsus olmuşdur. Tələbin borcun əmlaka yönəldilməsi hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, bu tələbi icra icraatı daxilində baxılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndində qeyd edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri qismində göstərilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilidyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 10942, əməliyyat İD 3********) olan 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “hüquqi faktın müəyyən edilməsi və borcun əmlaka yönəldilməsi” tələbinə dair işin icraatına xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 10942, əməliyyat İD 3********) olan 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar