Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-45/2025 14.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 40000 (qırx min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə bir neçə ildir ki, dostdurlar. O, “Sədərək” Ticarət Mərkəzində xırda alverlə məşğul olur. Onun da polkovnik təqaüdü almağını bilirdi. Bir gün ümumi razılıqla ondan 40000 manat biznesini artırmaq məqsədilə borc alıb ki, gəlirlərindən ona pul verəcək. Beləliklə ona ümumilikdə 40000 manatın dövriyyəsindən qazandığı puldan hər ay 1000 manat, cəmi 12000 manat pul verib. Sonra sabah-sabah deyərək, pul və dövriyyədən qazandığından ona ümumiyyətlə pul ödəməyib. Onun şifahi pretenziyalarına da “get, nə istəyirsən elə“ deyib. Pul borcunun - 40000 manatın ona qaytarmalı olduğunu onun ailəsi də bilib. SMS və whatsapp yazışmaları da bunu sübut edir. Özü də bunu dəfələrlə etiraf edir ki, pulu olanda qaytaracaq. Onu dələduzluq maddəsilə şikayət edib tutdurmaq fikrində də deyil ki, etibarından sui-istifadə edib, 40000 manat pulunu mənimsəyib. Əslində ona borc vermişəmdir ki, özü dediyi kimi, biznesini genişləndirsin, qazancından da ona 1000 manat ödəsin. O, şifahi əqdlərini pozmuş və hazırda münasibətləri kəsilmişdir. Nə qazanclarından ona pul ödəmir, nə də ki, 40000 manatını qaytarmır. Polisə şikayət etsə, onun tutulmasından ehtiyat edir ki, sonra barəsində deyərlər ki, çörək kəsdiyi dostunu tutdurub. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun və vəkilə ödənilən cəmi 2210 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh bir neçə ildir ki, tanıyır. Nicad ondan bir neçə dəfə borca pul almış və qaytarmışdır. Sonuncu dəfə Nicada 40 000 manat pul verib. Cavabdeh həmin pulu bu şərtlə almışdır ki, aylıq qazancdan 1000 manat ona verəcək, lakin əsas borcu isə nə vaxt istəsə bütöv qaytaracaqdır. İndiyədək cavabdeh ona 12 dəfə hər ay 1000 manat olmaqla cəmi 12000 manat pul verib. Lakin 40000 manatı qaytarmayıb. Cavabdeh keçən ilin yanvarından ondan qaçır. Cavabdeh borcu alanda biznesini genişləndirmək məqsədilə aldığını demiş, anacaq özünə ev almışdır. Özü hazırda təqaüd alır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi yoxudur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçıdan ev almaq üçün pul almışdır. Belə ki, əvvəlcə ondan 20000 ABŞ dolları daha sonra isə 6000 manat borc almışdır. Lakin iddiaçıdan aldığı 40000 manat pulu artıqlaması ilə qaytarmışdır. Lakin hazırda bununla bağlı heç bir sübutu yoxdur. O, iddiaçıya pulu qayataranda ondan ödənişi sübut edən heç bir sənəd almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirdi ki, Cavabdeh onun bacısının yoldaşıdır. İddiaçı və Cavabdeh onun sayəsində tanış olublar. Belə ki, iddiaçı onların qonşularıdır. Onlara pul lazım olanda həmişə İddiaçı kömək edib. Nicad ondan xahiş etmişdir ki, Telmana desin ona borc pul versin. O, isə ona bildirmişdir ki, gedin özünüz danışın. Sonradan bilmişdir ki, Telman Nicada 40 000 manat pul verib. Lakin həmin vaxt orada olmamışdır. Cavabdeh hər ay 1000 manat pul ödəməli idi. Cavabdehin rəsmi iş yeri olmadığı üçün bankdan kredit götürə bilməyib. Məhkəmə, tərəflərin və şahidin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə borca pul verməsini Cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Lakin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc kimi alınmış pulun 40 000 manatın iddiaçıya qaytarıldığını bildirsə də, cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə hazırlıq iclasları dəfələrlə təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdeh tərəfindən ona 12000 manat pulun qaytarıldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 40 000 manat pul almış, həmin pulun 12 000 manatını qaytarsa da, 28 000 manatını qaytarmamışdır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin izahatı və şahid ifadəsi həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 28 000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 210 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin iddiaçı hüquqi xidmətin göstərilməsi üçün vəkilə 2000 manat pul ödənilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 000 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 210 manat pul olmaqla ümumilikdə, 28210 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-45/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-45/2025
14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver