Məhkəmə qərarları › İş №2(074)-454/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-454/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-454/2025 23.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının həcminin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizə məhkəməyə təqdim edildiyi gündən, yetkinlik yaşına çatmayan 02 yanvar 2009-cu il təvəllüdlü X3, 01 yanvar 2011-ci il təvəllüdlü X4 və 01 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, cavabdehdən tutulan alimentin məbləği artırılaraq ayda hər uşağa görə 246 manat, hər ay 738 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(074)-379/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh birgə nikahlarından doğulmuş 02 yanvar 2009-cu il təvəllüdlü X3, 01 yanvar 2011-ci il təvəllüdlü X4 və 01 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Cavabdeh hər ay hər uşağa görə 85 manat olmaqla, hər ay 255 (iki yüz əlli beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəfindən birgə nikahdan doğulmuş 02 yanvar 2009-cu il təvəllüdlü X3, 01 yanvar 2011-ci il təvəllüdlü X4 və 01 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirlmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024cü il, 15 nömrəli qərarının 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının həcminin artırılması” tələbinə dair iddia mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinə əsasən icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının həcminin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar