Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-461/2021 08.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Şamaxı rayon Şəhriyar Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Şamaxı rayon Şəhriyar Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon 6 nömrəli sovxozun qərarına əsasən Aqrar İslahat komissiyasının əmlak payı əvəzinə ona verdiyi 8 milyon 468 min manat dəyərində olan asfalt bişirən qurğudan və 0,25 ha tikinti altı torpaq sahəsinə cavabdehlər tərəfindən yönəlmiş maneələrin aradan qaldırılmasında, həmin qurğuya və 0,25 ha torpaq sahəsinə müdaxilənin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon 6 №-li sovxoz Aqrar İslahat Komissiyasının iclas protokolunun qərarına əsasən təsərrüfata məxsus 1980-cı ildə istifadəyə verilmiş bir ədəd qalıq dəyəri 8 mln.468 min manat /8468/ olan asfalt bişirən qurğu əmlak payına düşərək ona verilmişdir. Bundan əvvəl də 1996-cı ildən həmin qurğu müqavilə əsasında onun istifadəsində olmuşdur. Həmin vaxtdan da qurğu və onun ətrafında və tikinti altında olan təxminən 0.25 sot sahəi onun istifadəsindədir. Bir müddət əmlak payına düşən qurğunu istifadə etməmiş, lakin torpaq sahəsindən özünə məxsus dərəcədə istifadə etmişdir. Hal-hazırda isə qurğunu təmir etdirmək və övladlarının onu təyinatı üzrə istifadə etmələrini istəyir. Lakin adları çəkilən Cavabdeh1 və Cavabdeh2 qardaşları onun işinə maneəçilik edirlər. Belə ki, bir iş görmək istəyən kimi, gedib Əmlak Komitəsindən adam gətirirlər ki, bu yer ona məxsus deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, asfalt bişirən qurğu betonla torpaq sahəsinə bərkidilmiş və hazırda onun daşınması mümkün deyil. Həmin qurğu yerindən tərpədiləcəyi təqdirdə istifadəyə tam yararsız vəziyyətə düşəcəkdir. Qurğu əvvəllər də icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, torpaq sahəsinin kimin mülkiyyətində olmasından məlumatı yoxdur. Asfalt bişirən qurğunun İddiaçı və onun oğlu İmrana məxsus olmasını bilir və həmin qurğudan onların istifadəsinə heç vaxt maneəçilik törətməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, “xxxx” MMC-nin rəsmi işçisi olmasa da, oranı mühafizə etmək üçün təyin olunmuşdur. Belə ki, ona orda yaşamağa icazə verilmiş o, isə həmin torpaq sahəsinə nəzarət edir. O, asfalt bişirən qurğunun İddiaçı və onun oğlu İmrana məxsus olmasını bilir və həmin qurğudan onların istifadəsinə heç vaxt maneəçilik törətməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin sədri X1 izahat verərək bildirmişdir ki, asfalt bişirən maşın sovxozun mülkiyyətində olmuş, daha sonra həmin maşın əmlak payı olaraq İddiaçı verilmişdir. Həmin qurğunun yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, kimin mülkiyyətində olmasını isə bilmir. O, həmin sahənin ölçüsünün nə qədər olduğunu bilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 oktyabr 2002-ci il tarixli aktın surətindən görünür ki, yerli Aqrar İslahat Komissiyasının sədri Məhəmməd Nuriyev və üzvləri Ağagül Zülfiqarov, Səhid İslamov. Bayramqulu Eyvazov və Qələmşad Hacıyev yoldaşların iştirakı ilə həmin aktı tərtib edirlər ondan ötrü ki, yerli Aqrar İslahat Komissiyasının 01 oktyabr 2002-ci il tarixli iclas protokolunun qərarına əsasən təsərrüfata məxsus 1980-cı ildə istifadəyə verilmiş bir ədəd qalıq dəyəri səkkiz milyon dörd yüz altmış səkkiz min manat olan asfalt bişirən qurğu əmlak payı hesabına İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli, 18 saylı məktubundan görünür ki, Şəhriyar qəsəbə sakini İddiaçı əmlak payı kimi düşmüş asfalt bişirən qurğu yerləşdiyi torpaq sahəsini almaq barədə 31 mart 2006-cı il tarixli ərizə ilə müraciət etmiş, həmin ərizəyə aidiyyatı üzrə baxılıb rəy verilməsi və ayrılacaq torpaq sahəsinin sxeminin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan 22 oktyabr 1996-cı il tarixli asflatqarışdıran qurğunun icarəyə verilməsinə dair müqavilənin surətindən görünür ki, asfalt qarışdıran qurğu Şamaxı rayonu 6 saylı sovxozun direktoru X2 oğlu tərəfindən 5 il müddətinə X4 icarəyə verilmişdir. Göründüyü kimi 01 oktyabr 2002-ci il tarixində Şamaxı rayon 6 saylı sovxoz yerli Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı hesabına həmin sovxozun işçisi İddiaçı mülkiyyətinə asfalt bişirən qurğu və 0,25 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Həmin qurğu yerə bərkidilmiş və hazırda daşınması təyinatına tənasübsüz ziyan vurulmadan mümkün deyil. Qurğunun yerləşdiyi torpaq sahəsi isə Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin ərazisində yerləşir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının 18 fevral 1995-ci il tarixli Qanununun: 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan, Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir, rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir, islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir, bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir, yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir və islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s yerinə yetirir. 8-ci maddəsinə əsasən yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya aqrar islahat haqqında izahat işi aparır, əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir, islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir, ləğvetmə komissiyasının funksiyalarını və islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s yerinə yetirir. 9-cu maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin, təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. 10-cu maddəsinə əsasən sovxoz və kolxozların balansında olan sosial infrastruktur obyektləri üzərində mülkiyyət münasibətləri “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsan tənzimlənir. 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsan sosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. Həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Şamaxı rayon 6 saylı sovxozda işləmiş və 01.10.2002-ci il il tarixli yerli Aqrar İslahat komissiyasının qərarı ilə ona həmin sovxozun əmlakı olan asfalt bişirən qurğu sovxoz və kolxozların islahatı haqqında qanuna əsasən əmlak payı kimi mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçı qanuni əsaslarla həmin asfalt bişirən qurğunu mülkiyyətinə almışdır. Eyni zamanda müəyyən olundu ki, həmin asfalt bişirən qurğu 1980-ci ildən həmin sovxozun istifadəsində və mülkiyyətində olmaqla 0,25 ha torpaq sahəsinə malik olmuşdur. Mülkiyyətçi dəyişdikdən sonra isə həmin asfalt bişirən qurğu 0,25 ha torpaq sahəsi ilə birlikdə iddiaçının istifadəsinə keçmişdir. Asfalt bişirən qurğu mülkiyyətə verilsə də, 0,25 ha torpaq sahəsi iddiaçının istifadəsində qalsa da mülkiyyət olaraq Bələdiyyə mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 243.3-cü maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, asfalt bişirən quğunun iddiaçıya əmlak payı hesabına verilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdehlərin isə asfalt bişirən quğunun yerləşdiyi torpaq sahəsini mühafizə etmələrinə və yaşamalarına əsas verən hər hansı sənəd mövcud deyil. Asfalt bişirən qurğu əmlak payı hesabına iddiaçıya verildiyindən və hazırda onun daşınması mümkün olmadığından, iddiaçının qurğudan yerləşdiyi torpaq sahəsində istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon 6 nömrəli sovxozun qərarına əsasən Aqrar İslahat komissiyasının əmlak payı əvəzinə İddiaçı verdiyi asfalt bişirən qurğudan və 0,25 ha tikinti altı torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yönəlmiş maneələr aradan qaldırılmalı və həmin qurğuya və 0,25 ha tikinti altı torpaq sahəsinə müdaxilə cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon 6 nömrəli sovxozun qərarına əsasən Aqrar İslahat komissiyasının əmlak payı əvəzinə verdiyi asfalt bişirən qurğudan və 0,25 ha tikinti altı torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yönəlmiş maneələr aradan qaldırılsın və həmin qurğuya və 0,25 ha tikinti altı torpaq sahəsinə müdaxilə cavabdehlərə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-461/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-461/2021
08.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver